sehiyye.info

Səhiyyə Nazirliyi: Seroloji müayinənin nəticəsi pozitiv olduğu halda belə peyvənd orqanizmə daha güclü dəstəkdir

Səhiyyə Nazirliyi: Seroloji müayinənin nəticəsi pozitiv olduğu halda belə peyvənd orqanizmə daha güclü dəstəkdir
Səhiyyə Nazirliyinin mütəxəssisi Yavər Hacısoy seroloji müayinələrlə əlaqədar onlayn müsahibə verib. AZƏRTAC həmin müsahibəni təqdim edir.

-COVID-19 virusunun müayinəsində hansı üsullardan istifadə olunur?

Yeni növ koronavirus (COVID-19) virus xəstəliyi olduğu üçün digər virusların təyinatında olduğu kimi mikrobioloji müayinə üsullarından istifadə edilir. Bunlar mikroskopik, mikrobioloji, seroloji, bioloji və molekulyar genetik üsullardır. Onlardan kultivasiya (əkilmə) üsulu hər zaman qızıl standart kimi qəbul edilir. Lakin əkilmənin viruslarda tətbiqi çətin olduğu üçün həmin üsuldan daha çox elmi-tədqiqat üçün istifadə olunur. Virusların müayinəsində PZR (Polimerazalı Zəncirvari Reaksiya) deyilən molekulyar genetik üsul, seroloji üsul və anticisim testlərindən istifadə edilir. Seroloji müayinə zamanı orqanizmə düşmüş yad maddələrə qarşı yaranmış anticisimləri təyin etməklə xəstəyə diaqnoz qoyulur. COVID-19 virusuna qarşı qanda həm IgG (immunoglobulin G) və IgM (immunoglobulin M) formaları əmələ gəlir. İlkin olaraq qanda IgM yaranır və onlar xəstəliyin kəskin dövründə əmələ gələn anticisimlərdir. Daha sonra isə igG əmələ gəlməyə başlayır. Xəstəliyin 10-14-cü günündən etibarən isə İgM qanda azalır və İgG titri artır və uzun müddət qanda dövr edir. Orqanizmdə COVID-19-a qarşı IgG formalaşır - yəni immun cavab yaranır. Anticisim testi ilə götürülmüş yaxmada virusun səthi protein hissəcikləri araşdırılır. PZR testində isə götürülmüş materialda virusun genetik hissələri (RNT) axtarılır. İstifadə olunan həmin üsulların hər birinin həssaslıq və spesifikliyi fərqlidir. Həssaslıq və spesifikliyi ən yüksək olan PZR testidir. Digər üsulların heç biri təsdiqləyici deyil.

-Məlum olduğu kimi, COVID-19 virusunun təyinatı ölkədə PZR yaxma üsulu ilə qəbul edilir. Bəzən vətəndaşlar müxtəlif klinikalarda yaxma verir və nəticələri pozitiv olduğu halda sistemə xəstə olaraq daxil edilə bilmirlər. Bununla əlaqədar bir sıra müraciətlər də almışıq. Yaxma analizlərinin fərqi nədən ibarətdir?

-COVID-19 virusunun təyinində anticisim testləri də istifadə edilir. Bu, çox zaman insanlar arasında ekspress test deyilən üsuldur. Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar və ya yaxma verdikləri xəstəxanalarda həmin yaxmalar arasındakı fərq qeyd edilmir. Yanlış anlaşılmaya səbəb isə həm anticisim, həm də PZR testi üçün nümunə kimi yaxmanın götürülməsidir. Fərq nədir: hər iki müayinə üsulunda burun-udlaqdan və əsnəkdən yaxma götürülür. Antigen testlərdə götürülmüş yaxma xüsusi bufer məhlulda həll olunur. Bu üsulda kart testlərdən (ekspress) istifadə edilir. Həmin bufer maddədən testin üzərinə əlavə olunur və təqribən 30 dəqiqəyə cavab əldə edilir. Həmin üsulun etibarlılığı yüksək olsa da, təsdiqləyici test deyil. Koronavirusun aşkar edilməsi üçün həssaslıq və spesifikliyi ən yüksək olan PZR testidir, sürətli anticisim testi isə PZR testindən bir qədər aşağı dəqiqlik səviyyəsinə malikdir. Qısaca təsdiqləyici test bütün dünyada PZR testidir. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında da qeyd olunur ki, digər üsullarla əldə edilmiş nəticələr PZR analizi ilə təsdiqlənməlidir.

-Həkim, vətəndaşların belə müraciətləri ilə də qarşılaşırıq: bəzən COVID-19-un qeyd edilən kilinik əlamətləri olur, lakin PZR yaxma cavabı neqativ gəlir. Bunu necə izah etmək olar?

-Analizlərin nəticələrinə təsir edə bilən preanalitik faktorlar var. Ümumiyyətlə, dünya təcrübəsində də preanalitik faktorların analizin nəticəsinə təsiri 70 faiz ətrafında qeyd edilir. Buna nümunə olaraq yaxmanın düzgün götürülməməsi və ya maye mühitinin kifayət qədər olmamasını qeyd etmək olar. ÜST-nin də tövsiyə etdiyi ən doğru yaxma götürülmə üsulu eyni yaxma çubuğu ilə əvvəlcə əsnəkdən, daha sonra isə burun-udlaqdan yaxmanın götürülməsidir. Nəticələrə təsir edən faktorlardan biri də zamanında götürülməyən yaxmalardır. Təxminən əlamətlər başlayandan 5-10 gün ərzində yaxmanın götürülməsi COVID-19 testinin nəticəsinin doğruluğunu artıracaqdır. Bir müddətdən sonra aşağı tənəffüs yollarına düşən virusu burun-udlaq yaxması ilə təyin etmək mümkün olmaya bilər.

-Bəs PZR testlərində davamlı çıxan pozitiv nəticələr nə ilə bağlıdır?

-PZR testi virusun RNT-ni axtardığına görə xəstə sağaldıqdan sonra virus ölsə belə müəyyən müddət ərzində virusun hissəcikləri yuxarı tənəffüs yollarında qala və yanlış pozitivliyə səbəb ola bilər. Bu da PZR metodunun mənfi cəhətlərindən biridir. Belə hallarda müayinə mütləq təkrarlanmalıdır.

Hazırda insanları daha çox narahat edən bir məsələ də odur ki, virusu gizli keçirənlər və ya daha çox yaxma analizi vermədən ev şəraitində müalicə almış insanlar var. Bu səbəbdən onlar immunitet sertifikatı əldə edə bilmirlər. Daha çox verilən suallardan biri də odur ki, vaksinasiya üçün seroloji müayinə şərtdirmi və bədəndə olan anticisimlərin varlığı peyvəndlənmə zamanı hər hansı bir problem yarada bilərmi?

Orqanizmdə olan IgG-nin vaksinasiya üçün əks göstəriş olduğuna dair heç bir mənbədə məlumat yoxdur. Yəni siz xəstələnib sağaldıqdan sonra bədəndə anticisimlərin az miqdarda qalması vaksinasiyaya nə əks göstəriş deyildir və hər hansı bir fəsad doğura bilməz. Onu da qeyd edim ki, xəstəliyi simptomsuz və ya yüngül keçirən insanların bəzilərində yaranan anticisimlərin titri ya aşağı olur və ya ümumiyyətlə olmur. Ona görə də seroloji müayinədə pozitiv nəticə olsa belə peyvənd orqanizmə daha güclü dəstək olacaqdır.

-Bəzən vətəndaşlar qanın ümumi analizi vasitəsilə virusun aşkarlanacağını düşünürlər. Bu haqda qısaca hansı tövsiyəni verə bilərsiniz?

-Qanın ümumi analizi adı ilə əlaqədar çaşqınlıq ola bilər. Ümumi qan analizi əsasən qanımızda eritrositlər, leykositlər, trombositlər kimi hüceyrələrin miqdarını göstərir. Qanın kliniki analizinin göstəricilərinin öyrənilməsi anemiya, polisetemiya, trombositopeniya, trombositoz və leykopeniya, leykositoz, iltihab və s. kimi vəziyyətləri qiymətləndirməyə imkan verir ki, həmin vəziyyətlər həm hər hansı xəstəliyin simptomu, həm də müstəqil patologiya zamanı ola bilir. Yəni bu müayinə viruslar haqqında konkret heç nə deyə bilməz.



REKLAM