sehiyye.info

Telekanallar virus mənbəyidir? - Atam da bu xəstəlikdən öldü

Telekanallar virus mənbəyidir? - Atam da bu xəstəlikdən öldü
Bir neçə gün öncə koronavirusdan dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovun verdiyi son açıqlama böyük səs-küyə səbəb oldu.

Onun açıqlamasında "Koronavirus daşıyıcıları verilişə gəlirlər, mikrofonu ağızlarına tuturlar, biz də eyni mikrofondan istifadə edirik" - deməsi birmənalı qarşılanmadı. Yerli şou nümayəndələrinin bəzisi telekanalları ittiham etməyə başladı.

Bəs görəsən doğrudanmı telekanallar virus yuvasıdır?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan ARB telekanalının aparıcısı Elgiz Əkbər indiyə qədər onun proqramına gələnlər arasında yoluxma halının baş verməyini bildirib:

"Bizdə heç bir məşhur, heç bir qonaq indiyə kimi koronavirusa yoluxmayıb. Bizim telekanalda təhlükəsizlik tədbirləri yüksək səviyyədə görülür. Qonaqlar qapıda yoxlanılır, hamısının temperaturu ölçülür. Bundan əlavə, çağrılan qonaqlarla əvvəlcədən əlaqə saxlayırıq, vəziyyəti ilə bağlı məlumat alırıq, ailə üzvlərindən yoluxan olub-olmadığını dəqiqləşdiririk. Bunlar hamısı araşdırılandan sonra qonaq efirə dəvət olunur. İndiyə qədər bizdə belə bir hadisə baş verməyib, qonaqlar arasında yoluxan olmayıb. Təbii ki, biz özümüz də bir vətəndaşıq. Hər kəsin təhlükəsizliyi ilə bağlı tədbirlər həyata keçirilir. Tək şou-biznes nümayəndələri, tanınmış sənət adamları deyil, bizim qapımızdan içəri addım atan hər vətəndaşın həyatı bizim üçün qiymətli və dəyərlidir. Ona görə də qonaqların təhlükəsizliyi məsələsi tək məşhurlara yox, hər bir kəsə aiddir".

Dalğa TV-də efirə gedən "Günə bir şou" proqramının aparıcısı Tarix Əliyev (Tolik) telekanalların insanları virusa yoluxdurduğu fikri ilə razılaşmayıb. Onun fikrinə görə bu məsələdə televiziya işçilərini ittiham etmək düzgün deyil:

"Mən yalan deyərəm ki, bizdə hansısa xüsusi tədbirlər görülürdü və s. Sadəcə olaraq qonaqlar arasında ara məsafəsi saxlanılırdı. "YouTube"da verilişlərimizə baxsanız, görəcəksiniz ki, bizim stolumuz 4 metrdir və efirin qonaqları arasında bir metr ara məsafəsi mütləq gözlənilir. Amma istər Xəzər TV, istərsə Dalğa TV olsun, telekanala qonaqlar girəndə mütləq mühafizəçi tərəfindən qızdırmaları ölçülür.

Baloğlan müəllimin məsələsinə gələk, o bu sözü deyirdi bəli, çünki yaşlı adam idi və bu xəstəlikdən qorxurdu. Koronavirus insanı elə bir yerdə tutur ki, xəbərin olmur. Mənim atam da bu xəstəlikdən dünyasını dəyişdi. Koronavirus analizi verdi və ondan 3 gün sonra qan laxtalanmasından vəfat etdi. Virus insanı harada, necə tutur bilinmir deyə, bu məsələdə televiziyaları ittiham etmək olmaz. Çünki televiziya işçiləri təhlükəsizlik tədbirlərinə riayət edirlər. Mən özüm də hər gün Xəzər telekanalına gedirəm, orada da tədbirlər görülür, qapıdan girəndə üstümüzə dezinfeksiya edici məhlul tökülür. Bundan əlavə efirə gələn qonaqlara su, çay vermirik, çünki stəkan əllə yuyulduğuna görə orada virus qalıb insanları yoluxdura bilər".

Xatırladaq ki, mərhum sənətçi B.Əşrəfov aprel ayının 22-də verdiyi açıqlamada ARB telekanalında yayımlanan "Heç vaxt heç yerdə" proqramında qonaq olan zaman virusa yoluxduğunu bildirmişdi:

"Zaur Nəbioğlunun verilişində qonaqlardan birindən şübhələndim. Korona xəstəsinə oxşayırdı, tez-tez öskürürdü. Onu necə o verilişə buraxıblar bilmirəm... Xəstəliyi ağır keçirirəm... Özümü yaxşı hiss etmirəm. Təngnəfəs oluram".//milli.az



REKLAM