sehiyye.info

Koronavirusdan sağalanların problemləri – Ən iri tədqiqatın nəticələri

Koronavirusdan sağalanların problemləri – Ən iri tədqiqatın nəticələri
Koronavirusdan sağalan adamlar hansı problemlərdən əziyyət çəkirlər? Onlarda xəstəliyin hansı simptomları qalır? Hazırda bu, tibb alimlərinin araşdırdığı əsas məsələlərdən biridir. ABŞ-ın CNN kanalı xəbər verir ki, bu istiqamətdə indiyə qədər aparılan ən iri miqyaslı tədqiqatın nəticələri məlum olub. Novator.az saytı CNN kanalının internet səhifəsində yerləşdirilmiş yazını ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.

Çində aparılan tədqiqat göstərib ki, COVİD-19 infeksiyasından müalicə alıb xəstəxanadan çıxmış pasiyentlərin əksəriyyətində altı ay sonra da xəstəliyin yorğunluq və yuxu pozğunluğu kimi bir sıra simptomları qalır.

Tədqiqat pandemiyanın ilk episentri olmuş Uhan şəhərində aparılıb. Araşdırmaya koronavirusdan müalicə almış 1700 nəfər cəlb edilib. Məlum olub ki, neçə aydır evə buraxılsalar da, onların 76%-də xəstəliyin ən azı bir simptomu hələ qalır.

Tədqiqatın nəticəsi onu deməyə əsas verir ki, COVİD-19 infeksiyasından sağalmış başqa adamlar da uzun müddət bu xəstəliyin təsirindən əziyyət çəkə bilərlər.

Çindəki araşdırma indiyədək bu istiqamətdə aparılan ən iri tədqiqatdır.

Tədqiqatın “The Lancet” tibb jurnalında dərc olunan yekunlarına görə, COVİD-19 infeksiyasının ilkin diaqnozundan altı ay sonra ən çox müşahidə olunan simptomlar yorğunluq və yuxu pozğunluğudur.

Yorğunluq pasiyentlərin 63%-də, yuxu pozğunluğu 26%-də aşkarlanıb.

Pasiyentlərin 23%-də həyəcan və ya depressiya kimi uzunmüddətli psixoloji narahatlıqlar qeydə alınıb.

Rentgen müayinəsi zamanı xəstəliyi ağır keçirmiş pasiyentlərin ağ ciyərində hələ də zədələrin olduğu üzə çıxıb.

Tədqiqat qrupuna rəhbərlik etmiş Çin-Yapon Dostluğu Hospitalının və Tibb Universitetinin həkimi Bin Çsao bildirib ki, COVİD-19 yeni xəstəlik olduğundan onun sağlamlığa uzunmüddətli təsirlərini yalnız indi-indi öyrənmək mümkün olur: “Təhlillər göstərir ki, pasiyentlərin əksəriyyəti xəstəxanadan çıxandan sonra virusun bir neçə təsiri ilə yaşamağa davam edir. Belə pasiyentlərə, xüsusilə də xəstəliyi ağır keçirənlərə xəstəxanadan buraxılandan sonra da qulluq lazımdır. Mövcud vəziyyət həm də COVİD-19 infeksiyasının insanlara təsirinin bütün spektrini müəyyənləşdirmək üçün daha geniş tədqiqatlar aparmağın zəruriliyindən xəbər verir”.

Başqa ölkələrdə də alimlər koronavirusun uzunmüddətli simptomları üzərində araşdırmalar aparırlar.

ABŞ-da xəstəliklərin profilaktikasına nəzarət edən mərkəzlərin ən çox qeydə aldığı uzunmüddətli simptomlar yorğunluq, nəfəs darlığı, öskürək, oynaq və sinə ağrılarıdır.

Koronavirusun uzunmüddətli simptomları sırasında beyin dumanlanması, depressiya və baş ağrısı da var. Bunlar düşünmək və diqqəti toplamaq qabiliyyətini zəiflədən problemlərdir.

Xəstəliklərin profilaktikasına nəzarət mərkəzlərinin məlumatına görə, COVİD-19 infeksiyasına yoluxanların əksəri sağalaraq normal həyata qayıtsa da, xəstəliyi ağır keçirən bəzi pasiyentlərdə simptomlar həftələrlə, aylarla davam edir. Hətta xəstəliyi yüngül keçirən, xəstəxanada yatmayan adamlar da infeksiyanın uzunmüddətli və ya gec üzə çıxmış simptomları ilə qarşılaşa bilərlər.

Ötən ilin avqustunda Britaniyanın “British Medical Journal” tibb jurnalında dərc olunan bir tədqiqatda göstərilib ki, pasiyentlərin təxminən 10%-də COVİD-19-un təsiri 12 həftədən çox çəkir.

Lakin qeyd etdiyimiz kimi Çindəki tədqiqat xəstəxanadan buraxılan pasiyentlər üzərində aparılmış ən iri tədqiqatdır və xəstəliyin uzunmüddətli təsirlərini daha aydın ortaya qoyur.

Çində tədqiqata cəlb olunanların orta yaş həddi 57 yaş olub. Onların hamısı Uhan şəhərinin Çsinyintan Hospitalında müalicə alıblar və xəstəxanadan 2020-ci ilin yanvar-may aylarında evə buraxılıblar.

Çsinyintan Hospitalı dünyada koronavirusa yoluxan şəxslərin müalicəsi üçün ayrılmış ilk xəstəxanadır. Bu hospital 2019-cu ilin dekabrında koronaviruslu xəstələrin ixtiyarına verilib.

Hospitalda ölənləri, əqli və ya psixi vəziyyəti ağır olduğuna görə tədqiqatda iştirak edə bilməyənləri və iştirakdən imtina edənləri çıxandan sonra demək olar ki, 2020-ci ilin yanvar-may aylarında buradan evə buraxılan bütün COVİD xəstələri alimlərin apardığlı araşdırmada iştirak ediblər.

Alimlər simptomları qiymətləndirmək üçün əvvəlcə həmin şəxslər arasında sorğu keçiriblər. Sonra pasiyentlər müayinələrdən və altı dəqiqəlik gəzinti testindən keçirilib, onlardan qan analizləri götürülüb.

Xəstəxanada müalicə aldığı vaxt böyrəklərində kəskin zədələnmə müşahidə olunmayan xəstələrin 13%-də kəskin böyrək disfunksiyasının əlamətləri aşkarlanıb.

Amma İtaliyanın Berqamo şəhərində yerləşən Farmakoloji Tədqiqat İnstitutunun alimləri Çindəki araşdırmanı tənqid edirlər. Onlar Uhan şəhərindəki araşdırmada iştirak etməsələr də “The Lancet” jurnalında dərc etdirdikləri müştərək məqalədə bildiriblər ki, Çin tədqiqatının nəticələri “məhdud imkanlar daxilində müəyyənləşib, buna görə də onu diqqətlə şərh etmək lazımdır”.

Çin tədqiqatçılarının sözlərinə görə, koronavirusdan sağalanalar arasında aşkarlanan yorğunluq, yuxu pozğunluğu, həyəcan və depressiya problemləri 2003-2004-cü illərdə kəskin respirator sindroma (SARS) məruz qalmış xəstələrdə sonradan müşahidə olunan problemlərə bənzəyir.

SARS virusundan sağalan adamların müşahidəsi zamanı aydın olmuşdu ki, xəstəlikdən 3 il sonra da onların 40%-də xroniki yorğunluq simptomları qalıb.

Başqa bir tədqiqat isə SARS virusundan sağalan pasiyentlərin 38%-nin ağ ciyərində 15 il sonra da zədələnmə əlamətləri aşkarlamışdı.(CNN.com)



REKLAM