sehiyye.info

Fədakar həkimlərimiz iki cəbhədə çalışır.

Fədakar həkimlərimiz iki cəbhədə çalışır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Qarabağ cəbhəsində uğurlarımız davam etməkdədir. Əldə edilən nailiyyətlər hamımızı sevindirir. Təəssüf ki, haqq mübarizəmizdə şəhid olan igid oğullar da var. Lakin belə bir deyim var: “Azadlıq ağacı qan ilə suvarılmayınca bar verməz”. Otuz ilə yaxındır itirdiyimiz torpaqlarımızı Vətən oğulları qanı, canı hesabına geri qaytarırlar. Bizim ən vacib cəbhəmiz erməni qəsbkarları ilə döyüş cəbhəmizdir. Lakin unutmayaq ki, biz iki cəbhədə döyüşürük. Onlardan biri Qarabağ döyüş cəbhəsidirsə, digəri isə COVID-19-la mübarizə cəbhəsidir. Çoxumuz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşləri düşünərək COVID-19-a qarşı mübarizənin davam etdiyini unuda bilərik. Hazırda taleyüklü Qarabağ məsələsini nə qədər düşünsək də, hər bir Azərbaycan vətəndaşının cansağlığının vacib amil olduğunu nəzərə alaraq koronavirus cəbhəsində də döyüşümüzün davam etdiyini unutmamalıyıq. Bunun üçün hər birimiz gündəlik qoruyucu tədbirlərə – maskadan istifadə, əl gigiyenasına diqqət və sosial məsafə prinsiplərinə riayət etməyi kənara qoymamalıyıq və bunu ətrafımızdakı hər kəsə aşılamalıyıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış həkim-psixoterapevt Əli Nağıyev deyib.

“COVID-19 infeksiyası geri çəkilməyib. O, hələ də bütün dünyada yayılmağa davam etməkdədir. Azərbaycanda vəziyyət nəzarət altında olsa da, arxayınlaşmamaq və qaydalara riayət etmək vacibdir. Vətəndaşlardan sosial məsuliyyət tələbi olduğu kimi qalır. Hər birimiz özümüzün, ətrafdakıların sağlamlığını qorumalıyıq. Biz COVID-19-a qarşı mübarizə silahımızı yerə qoymamalıyıq. Həmin cəbhədəki silahımız gigiyena qaydalarına əməl edilməsi, maskanın kütləvi toplanma yerlərində taxılması, antiseptik və dezinfeksiya məhsullarından lazımi qədər istifadə olunması və sosial məsafənin saxlanılmasıdır. Hər kəsə gözə görünməyən düşmənə qarşı döyüşdə də ayıq-sayıq olmağı tövsiyə edirəm”, - deyə Ə.Nağıyev qeyd edib.
Fədakar həkimlərimiz iki cəbhədə çalışır.



REKLAM