sehiyye.info

Evtanaziya: ona nə dərəcədə hazırıq? - ARAŞDIRMA

Evtanaziya: ona nə dərəcədə hazırıq? - ARAŞDIRMA
Bu gün dünya mətbuatında ən mübahisəli məsələlərdən biri də evtanaziya ilə bağlıdır. Evtanaziyaya münasibət dünyada olduğu kimi Azərbaycanda da birmənalı deyil. Belə ki, ağır xəstələrin bu yolla ölməsinin lehinə və əleyhinə olan insanların sayı kifayət qədərdir.
Bəziləri bunu intihardan fərqlənmədiyini desə də, kəskin ağrılardan əziyyət çəkib, yaxınlarına və özünə əzab verməkdənsə ölməyi üstün tuturlar. Əslində evtanaziya nədir? Tibbdə və dində və ən əsası qanunla hansı hallarda evtanaziyaya icazə verilir.
Evtanaziya nədir?

Evtanaziya ağır, sağalmaz vəziyyətdə olan xəstələrin öz istəyi ilə həyatlarına son qoyulmasıdır. Bu termin "asan ölüm" kimi ilk dəfə XVI əsrdə elmə gətirilib.

Evtanaziya dedikdə, ilk olaraq ağıla erməni Cek Qevorkyan gəlir. Belə ki, ABŞ-da "ölüm həkimi" ləqəbini qazanmış bu erməni evtanaziya yolu ilə 130 adamı "o dünyalıq" edib. C.Qevorkyan bulvar qəzetlərinin birində belə bir elan verib: "Əgər ağrısız ölmək istəyirsinizsə, mən sizə yüngül ölüm hədiyyə edəcəyəm". O, 130 amerikalını bu yolla öldürüb. Təbii ki, ABŞ-ın həkim ictimaiyyəti C.Qevorkyanın əməllərindən xəbər tutduqdan sonra onu həkimlikdən məhrum da edib. Ən dəhşətlisi odur ki, müstəqil araşdırmaçılar ermənin evtanaziya yolu ilə öldürdüyü insanların dörddə birinin heç də sağalmaz xəstəliklərdən əziyyət çəkmədiklərini müəyyənləşdiriblər. Belə çıxır, C.Qevorkyan xəstəliklərindən məyusluğa düçar olmuş insanların dərdinə əlac tapmaq əvəzinə onları, sadəcə, öldürüb. Uzun sürən məhkəmə prosesi C.Qevorkyanın 25 il azadlıqdan məhrum olunmasıyla yekunlaşıb.

Evtanaziya ilk dəfə 1984-cü ildə Niderlandda leqallaşdırılıb. Dünyadakı ilk belə xidmət göstərən klinika da məhz Hollandiyada açılıb. Evtanaziya dərnəyinin rəhbəri tibbi cəhətdən müalicəsi olmayan 18 yaşdan yuxarı xəstələrin müraciətlərini nəzərə alacaqlarını deyib: "İlk olaraq öz həkimi, xəstəxana, psixiatrı ilə görüşmələrdən sonra ölümü gerçəkləşdiririk".

Avropada Belçika, Hollandiya, Lüksemburq və İsveçrədə evtanaziya haqqında qanun qəbul edilib.

Azərbaycanda isə tibb işçilərinə ölümün tezləşdirilməsi haqqında (evtanaziya-red.) pasiyentin özünün, onun qohumlarının və ya maraqlarının təmsil edən şəxslərin xahişini yetirmək qadağan olunacaq. Bu, "Pasiyentin hüquqları haqqında" qanun layihəsində öz əksini tapıb.
Evtanaziya: ona nə dərəcədə hazırıq? - ARAŞDIRMA

Din "asan ölüm"ə nə deyir?

Ölkəmizdə bu yolla ölməyə qarşı çıxanların sayı daha çoxdur. Evtanaziyaya qarşı çıxanlar fikirlərini Azərbaycanın müsəlman ölkəsi olması və İslam dininə görə, insanın Allah tərəfindən yaradıldığı üçün canını yalnız onu verən Allahın ala biləcəyini əsas gətirirlər.

Lakin dində bununla bağlı nadir hallarda istisna hal da var. Məsələn, əgər hər hansı xüsusi vəziyyət yaranarsa, yəni ağır sağalmaz xəstənin xəstəliyinin başqalarına yoluxdurmaq riski varsa, istisna kimi bu addımı atmaq olar: "Amma evtanaziyanın kütləvi hal almasına qətiyyən yol vermək olmaz. Bu zamanda məsuliyyət onun yaxınlarının üzərinə düşür".

İntihar etmək haram olduğu kimi bir şəxsin özünün öldürülməsini tələb etməsi və belə bir tələbi yerinə yetirmək də haramdır. İlahiyyatçının sözlərinə görə, evtanaziyaya hər necə don geyindirilsə belə, bu, intihar sayılır. Belə bir insanı öldürənlərlə sağlam bir insanı öldürən arasında fərq qoyulmur: "Xəstəlik, çətinlik və acı hadisələr insanların sınanması, imtahanıdır. Quranda da "Allah səbr edənlərlədir", - deyilir (Bəqərə, 2/153).

Tibbi eksperti, tibb elmləri doktoru Adil Qeybulla da evtanaziyanın Azərbayacanda həyata keçirilməsi ehtimalına aydınlıq gətirib. Onun sözlərinə görə, "ölüm haqqı" müzakirəyə açıq məsələdir: "Düzdür, Avropanin bir neçə ölkəsində bununla bağlı müsbət qərarlar qəbul olunub. Amma hesab edirəm ki, Azərbayacanda bu məsələ ilə bağlı xeyli götür qoy olmalıdır. Evtanaziyanın yalnız və yalnız peşəkarlığı yüksək səviyyədə olan, tam islahatlar keçirilmiş səhiyyədə tətbiq edilməsi daha məqsədəuyğundur".

Səhiyyə islahatları başa çatmamış, mülkiyyət formaları tam formalaşmamış, icbari sığorta sistemi axsayan ölkələrdə isə evtanaziyanın tədbiqi problemlər yarada bilər. Məhz buna görə də A.Qeybulla səhiyyə islahatları başa çatmadan evtanaziya məsələsinin Azərbaycanda müzakirəsini tez və yanlış hesab edir.

Tibb eksperti xaricdə xostislər - yəni xüsusi təyinatlı xəstəxanaların olduğunu, belə müəssisələrdə ağır, müalicəsi olmayan xəstələrin saxlandığını və onların ömrünün sonuna qədər orada qaldıqlarını bildirir. Belə xəstəxanalarda fəaliyyət göstərən yüksək peşəkarlığa malik tibbi personal var. Onlar xəstələrə lazım olan ağrıkəsicilər, dərmanlar verir, tədbirlər görürlər ki, həyatlarının qalan hissəsinin keyfiyyətini nisbətən yaxşılaşdırsınlar.

Bir neçə il sonra gündəmə gəlsə belə, tibb eksperti bu məsələnin referenduma çıxarılmasının tərəfdarıdır. Bu tək bir nazirliyin və ya idarənin qərarı ola bilməz. Ekspert belə qərarın məsuliyyəti ilə hamının bölüşməli olduğunu düşünür.


Psixoloqların fikrincə, Azərbaycanda evtanaziyaya rəsmi icazə verilməsi belə və belə klinikalar yaradılsa da, heç bir azərbaycanlı ora müraciət etməyəcək: "Kimsə evtanaziya olmaq istəsə belə buna onun yaxınları imkan verməyəcək. Biz müşahidə etmişik ki, bəzən yaxınları can üstündə olan xəstənin üstünə həkim gətitirlər ki, onun ömrünü heç olmasa bir neçə saat uzatsınlar. Biz azərbaycanlılar öz yaxınlarımızdan ayrılmaq istəmirik".



REKLAM