sehiyye.info

“KWU–Azərbaycan” təşkilatının ilk seminarı keçirilib

“KWU–Azərbaycan” təşkilatının ilk seminarı keçirilib
Bakının Novxanı çimərliyində “Dünya Kyokuşin Birliyi (KWU) – Azərbaycan” Təşkilatının ilk seminarı keçirilib. Seminarın məqsədi yeni tədris ilində idmanla məşğul olan tələbə və məktəblilərin keçiriləcək onlayn və yaxud ənənəvi dərslərə diqqətlə və ciddi yanaşması, onların sağlamlığının möhkəmləndirilməsi, təlimatçıların və məşqçilərin ixtisasının artırılması, hakimlərin təcrübi biliklərinin və idmançıların ustalıq səviyyələrinin artırılmasına nail olmaqdan ibarətdir.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 180 nəfər idmançının iştirak etdiyi seminarda iştirakçılar yaşlarına və kəmər dərəcələrinə görə üç qrupa bölünüblər. Böyük qruplar təlim məşqlərini suyun içərisində, azyaşlılar isə qum üzərində keçiblər.

“KWU – Azərbaycan” Təşkilatının sədri, Azərbaycan Tibb Universitetinin “Təbib” idman klubunun məşqçi-müəllimi, Əməkdar məşqçi Qələndər Aslanovun verdiyi məlumat görə, seminarın yekununda məktəbli idmançılara gigiyenik qaydalara riayət edilməsi, maska taxılması, əllərin tez-tez yuyulması, spirtdən istifadə, immun sisteminin və əzələlərin zəifləməməsi üçün qida rejiminə diqqət yetirilməsı, ev şəraitində də idman məşqlərindən qalmamaq barədə tövsiyələr verilib.



REKLAM