sehiyye.info

Peyvənddən imtina uşaqlarda bu xəstəliklərin artmasına səbəb olub - Həkimdən HƏYƏCAN TƏBİLİ

Peyvənddən imtina uşaqlarda bu xəstəliklərin artmasına səbəb olub - Həkimdən HƏYƏCAN TƏBİLİ
“Azərbaycanda bu il uşaqlar arasında peyvəndlə əhatələnmə bir qədər aşağı düşüb”.

Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib. O bildirib ki, bu il mart ayından etibarən ölkəmizdə koronavirus pandemiyasına görə peyvənd olunma tədbirləri keçirilsə də, az valideyn öz uşağını peyvənd olunmağa gətirib. Səbəb isə virusa yoluxmadan ehtiyat edərək valideynlərin uşaqlarını poliklinikalara gətirməməsi, eləcə də evdən çıxmağa qoyulan məhdudiyyətlər olub. Nəticədə əvvəlki illərlə müqayisədə uşaqlar arasında peyvəndə cəlb olunma bu il qismən aşağı olub.

Bəs, peyvənd olunmayan uşaqlara hansı immunlaşdırıcı tədbirlər həyata keçirilməlidir? Xüsusilə də övladlarını peyvənd etdirməyən valideynlər onları necə qorusunlar?

Mövzu ilə bağlı Publika.az-a açıqlama verən həkim-pediatr Xəyalə Quliyevanın sözlərinə görə, hətta əvvəllər peyvənd edilən uşaqların valideynləri indi hansısa səbəbdən onların yenidən peyvənd edilməsi üçün icazə vermirlər: “Burada sosial şəbəkələrin rolu böyükdür. Bəzi insanlar mahiyyətini anlamadan fərqli fikirlər bildirirlər. Peyvənd uşaqları öldürür, onları şikəst edir kimi mesajlar paylaşmaqla valideynlərin fikirlərini alt-üst edirlər. Ona görə də təəssüf ki, biz bu hallarla çox rastlaşdıq. Bu imtina isə təbii olaraq uşaqlardan yan keçmədi. Göy öskürək və qızılca halları məhz uzun illərdir ki, peyvəndləşmə ilə əlaqədar olaraq azalmışdı. Ancaq son zamanlar peyvənddən imtina uşaqlarda bu xəstəliklərin artmasına səbəb olub”.
Peyvənddən imtina uşaqlarda bu xəstəliklərin artmasına səbəb olub - Həkimdən HƏYƏCAN TƏBİLİ
X.Quliyeva bildirib ki, peyvənd olunmayan uşaqlar üçün xüsusi immunlaşdırıcı tədbirlər yoxdur: “Ancaq tövsiyə olunur ki, uşaqlar infeksiyalardan qorunmaq üçün D vitamini qəbul etsinlər. Bu vitamin digər infeksiyalarla yanaşı, koronavirusdan da qoruyur. Orqanizmdə D vitamininin səviyyəsinə nəzarət etmək lazımdır. Əgər bu vitaminin səviyyəsi 30 mkq-dan 80-mkq-a qədərdirsə, normal səviyyədədir. Bu səviyyədən aşağı olarsa, o halda uşaq digər infeksiya daşıyıcıları ilə ünsiyyətdə olduğu halda müxtəlif xəstəliklərlə nəticələnə bilər. D vitamininin azı 50-70 mkq civarında saxlanması məsləhətdir. Bu da uşaqları infeksiyalardan qorumuş olur”.

Pediatr uşaqları istər bağçaya, istərsə də məktəbə göndərərkən valideynləri diqqətli olmağa çağırıb: “Uşaqlara gigiyenik tədbirləri başa salsınlar, sosial məsafə qorumağı öyrətsinlər. 2 yaşdan aşağı uşaqlara maska məsləhət görülmür, ancaq 2 yaşdan yuxarı uşaqlara qapalı mühitdə maska taxmaq bacarığı öyrədilməlidir. Mütləq şəkildə uşaqlar bağçaya və ya məktəbə getməmişdən öncə burunlarına dəniz suyu tərkibli spreylər vurulmalı, əl yumaq vərdişi aşılanmalı, hər gün azı 2-3 dəfə əllər spirtlə dezinfeksiya edilməlidir. Ancaq spirti çox istifadə etmək olmaz. Çünki bu, uşaqlarda əks reaksiyalara səbəb ola, dəri quruluğuna, allergik səpkilərə gətirib çıxara bilər. Xüsusi dezinfeksiyaedici gellərdən istifadə etmək tövsiyə edilir. Boğazlarını da təbii üsulla qarqara etmələri məsləhətdir. Bunun üçün istər sodalı, istərsə də pereksli məhluldan istifadə etmək olar. Düşünürəm ki, bu kimi tədbirlər uşaqları infeksiyalardan müəyyən qədər qoruyacaq”.



REKLAM