sehiyye.info

100 qadın: Azərbaycanda ailə tərbiyəsi seksistdir?

100 qadın: Azərbaycanda ailə tərbiyəsi seksistdir?
Qadın azadlığı məsələsində Azərbaycanın nailiyyətlərinə bəlkə dünyanın yarısından çoxunun qadınları həsəd apara bilər, amma bir tanışım deyir, nə olsun ki, qanunvericiliyimiz dünya səviyyəsindədir, yağım var, it dərisində. Deyirəm, necə yəni.

Deyir, mən öz hüquqlarımdan istifadə edəndə də pis olur, etməyəndə də.

Azərbaycanda iki variant var. Ya ibtidai icma quruluşunda olduğu kimi kişi ova gedir, qadın oturur mağarada. Ya da, hər ikisi işləyirsə, hər ikisi inkişaf edirsə, onda qadın gəlib evin də işini çiyninə götürməlidir, çünki bizlərdə ev işi qadın işi sayılır, ev işinə kişinin də əl bulaması ona başaşağılıq gətirir, kişinin geyimini, yeməyini də qadın hazırlayır.

Deyir, üçüncü variant da var. Gərək özümə qulluqçu tutam, evin işini gördürməyə, buna isə mənim insani vicdanım yol vermir, mən qadın - o qadın, mən niyə ona beş manat verib döşəməmi sildirməliyəm?!

Xülasə, çətindir, alınmır. Yazılmamış qaydalar yazılan qanunlardan daha güclüdür.

Yuxarı-aşağı
Hər ucunda bir nəfərin oturduğu mexaniki qalxıb-enən o yelləncəyi ingilislər "seesaw", azərbaycanlılarsa ruslar kimi sadəcə "kaçeli" adlandırırlar.

Parklarda və həyətlərdə görürsən onun bir ucunda oğlan uşağı, o biri ucunda qız uşağı əyləşib. Dildə öz adı olmasa da, bu yelləncək müasir Azərbaycanda qadın və kişi azadlığını göstərən sxemdir.

Hər iki tərəf eyni vaxtda rahat ola bilmir, birinin rahatlığı mütləq o birini narahatlığı hesabına başa gəlir. Oğlanın oturduğu tərəf aşağı gedir, o, qızı yuxarı qaldıran tərəf üçün kontr - yük rolu oynayır, qız yuxarıda öz tərəfində donub dayanıb.

Oğlan təkan verib yuxarı qalxanda qız aşağı enir. Bu əyləncədə hər bir adamın yeri əyləncəli olmayacaq dərəcədə qarşı tərəfdən asılıdır.

Azərbaycanda qadınların və kişilərin hərəsinin öz azadlığı anlayışı yoxdur. Onların hər birinin azadlığı qarşı tərəfdən asılı olan azadlıqdır.

Bizlərdə ailə ənənələri də, din də qadın və kişi azadlıqlarını güclü şəkildə bir-birilə şərtləndirir.

Belə bir kontrast, belə bir dixotomiya vəziyyətində təsadüfi deyil ki, qadın azadlığından danışılanda kişilər həyəcanlanır, qıcıqlanırlar, qadın azadlığının kişini təhlükəsiz vəziyyətdən çıxaracağını düşünürlər.

Bağlı qapılar arxasında
Yeni doğulan uşaqlarını ailələr götürüb evlərinə aparır və qapılarını bağlayırlar. Dünyanı dərk etməyə başlayan o uşaqlara bağlı qapıların arxasında həyat haqda, insanlar haqda çoxlu səhv məlumatlar öyrədirlər.

Azərbaycanda insan ilk dəfə ailədə eşidir ki, ana çətinliyi (sınmış oyuncaq, qarışan telekanallar, ev tapşırığını və s.) həll edə bilmir, gözlə, "ata gəlsin, o bilər".

İlk dəfə ailədə deyirlər ki, ay uşaq, "qızdı, onunla yavaş oynayın", "sən qızsan, mızıldanırsan?" "arvad olma, kişi ol, möhkəm ol", "qızsan, yoxsa sənə ağır söz deyərdim"...

İlk dəfə ailədə qıza ərə getməyin həyatın ən böyük uğuru, ərə getməməyin faciə olduğunu öyrədirlər. İlk dəfə ailədə kişilərin asanlıqla görə biləcəkləri işləri qadınlara buyurduğunu görürlər.

Qızın həyati seçimlərinə, saçına, geyiminə, ayaqqabısının hündürlüyünə görə oğlanın məsuliyyət daşıması ilk dəfə ailədə onlar üçün adiləşir.

30, 40, 50, 60 yaşlı ağıllı-başlı qadınlar gündəlik həyata, məişətə aid qərarları müstəqil verə bilmir, deyirlər "yoldaşımdan icazə alım", "yoldaşım icazə vermədi".

Kişiyə "arvad" deməyin onu təhqir etmək, aşağılamaq sayıldığını, qadına "kişi" deməyin onu tərifləmək olduğunu öyrənirlər.

Sonra bağlı qapılar açılır, uşaqlar cəmiyyətdə görüşüb görürlər ki, bunun bildiyini o da bilir, ortaq dildə anlaşmağa, davranmağa başlayırlar.

Ondan sonra qanun nə qədər qadın azadlığından, hüquqların bərabərliyindən danışırsa, danışsın, birinci söz ikinci sözdən vacibdir.

Böyük-böyük məmurlardır, yazıçılardır...
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli parlamentdə "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" mövzusunda keçirilən iclasda deyir: "Qızım səni ərə veririk, həmin evdən yalnız meyitin çıxa bilər" kimi sözlər boş-boşuna deyilməyib.

Bunlar elimizdən, nəsillərdən gələn kəlamlardır. Əgər biz bu prinsipləri yaşada bilsək, kişinin və qadının ailədə, cəmiyyətdə rolunu daha yaxşı anlamış olarıq... Bəzi oğlanlar da var ki, əli əlinin üstündə oturub, ailəyə sahibliyi qadın edir".

Belə çıxır ki, dünyəvi qanunları qorumağı seksist ailələrdən çıxmış seksist məmurlara tapşırmışıq.

Özünü haqlı olaraq "Azərbaycan dilinin ən dərin qatında yazan yazıçı" hesab edən Əkrəm Əylisli mətbuatda deyir: "Bir də gördün qadının yazısı daha kişiyanədir, kişinin yazısı isə arvad yazısı".

Mətbuat ümumiyyətlə, ağını çıxarıb. Ölkənin ən çoxtirajlı qəzeti ("Yeni Müsavat") Krımın baş prokurorunu bütün siyasi xəbərlərdə "Krım gözəli" kimi təqdim edir. Ukrayna üçün o, baş prokuror olsa da, bizlər üçün o, canandır.

Azərbaycan telekanallarının avtomobil mövzulu verilişlərində deyilir ki, "qadınların park etməsi bütün dünyada problemdir".

Halbuki maşını park etməyin konkret üsulları var, sıradakı maşınlara hansı nöqtədə paralel durmaq, sükanı hansı bucaq altda fırlatmaq. Bu niyə bütün dünyada problem olsun ki?!

Bütün dünyada problem olan qadınları cinsinə görə kəsirli göstərməkdir, qadına qarşı kişi aqressiyasıdır, qadının seçimlərinə kişi müdaxiləsidir, qadını kişidən əskik saymaqdır.



REKLAM