sehiyye.info

Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür

Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
Dünya əhalisinin 5 faizindən çoxu eşitmə qabiliyyətinin itirilməsindən əziyyət çəkir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 12 yaşdan 35 yaşa qədər olanlar bu sahədə risk qrupunda hesab olunurlar.

Sehiyye.info AZƏRTAC a istinadən xəbər verir ki, hər il martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü qeyd edilir. Bu günün seçilməsi də məhz simvolik xarakter daşıyır.

Eşitmə qabiliyyətinin itirilməsi dünyada əlilliyin yayılmış sensonevral forması hesab edilir. Statistikaya görə, dünyada karlıqdan və eşitmə pozulmalarından təxminən 360 milyon nəfər əziyyət çəkir.

Karlıq və pis eşitmənin əsas səbəbi genetik faktor, qulağın xroniki infeksiyaları, bir sıra xəstəliklər - məxmərək, qızılca, yoluxucu parotit, meningit — həmçinin bəzi dərman preparatlarının və ətraf mühitin zərərli amillərinin təsiri, ilk növbədə, gur səslənmədir. Həkimlərin rəyinə əsasən həmin səbəblərdən baş verən karlıq və pis eşitmənin yarısını aradan qaldırmaq mümkündür. Qabaqlayıcı tədbirlər sırasına əhalinin immunizasiyası, ana və uşağın sağlamlığının qorunması, əmək gigiyenasının tələblərinə əməl olunması daxildir.

Dünya Səhiyyə Təşkilatı onunla tərəfdaşlıq edən ölkələrdə gəncləri və onların ailələrini sonralar eşitmənin pozulmasına aparıb çıxaran güclü səs-küydən uzaq olmağa və dövlətləri həmin problemin qarşısını almağa diqqət ayırmağa çağırır. Həmin təşkilatın verdiyi məlumata görə, 2050-ci ilə qədər planetdə hər on nəfərdən birinin eşitmə pozulmasından əziyyət çəkməsi gözlənilir. Belə bir hal, il ərzində dünya iqtisadiyyatına 750 milyon dollar hesabına başa gələ bilər.



REKLAM