sehiyye.info

Vəliəhdin təltif etdiyi həkimimiz danışdı – Eksklüziv

Vəliəhdin təltif etdiyi həkimimiz danışdı – Eksklüziv
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səhiyyə Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışan həmyerlimiz Saada Süleyman COVİD-19 xəstələrinin müalicəsində göstərdiyi fədakarlığa görə bu dövlət tərəfindən təşəkkür məktubu və fəxri mükafatla təltif olunub.

Saada Süleymanın Axar.az-a müsahibəsini təqdim edirik:

- Sizi daha yaxından tanıyaq: Bakıda anadan olmusunuz, lakin tale sizi Ərəbistana aparıb...

- Hər bir insan qismətinə yazılan ömrü yaşayır. Ərəbistanda yaşamağım da mənə yazılan qismət, alın yazısıdır. Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişəm. Kiçik yaşlarımdan ailəmlə bərabər Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayıram. Qeyd edim ki, BƏƏ-yə ailəvi gəlişimizin səbəbkarı rəhmətlik atam olub. Zənnimcə, insanın cəmiyyətə faydalı, layiqli vətəndaş olaraq yetişməsində, özünü təsdiq etməsində boya-başa çatdığı ziyalı mühitinin, ailə dəyərlərinin təsiri böyükdür. Atam Tofiq Süleymanov kimya üzrə professor, üzvi kimyadan bəhs edən xeyli sayda elmi-metodiki kitabların müəllifi idi. 1994-cü ildə Milli Elmlər Akademiyasında çalışan rəhmətlik atama Birləşmiş Ərəb Əmirliklərindən iş təklifi gəldi. Şarca Əmirliyinə müqavilə əsasında işə dəvət olunan valideynim öncə tərəddüd etsə də, sonda təklifi qəbul etdi və biz Birləşmiş Ərəb Əmirliklərinə köçdük. Atam elmə, təhsilə, təlim-tərbiyəyə çox böyük önəm verirdi. Dünyaya göz açandan atamın zəngin kitabxanası məndə təhsilə, biliyə, elmə çox böyük həvəs oyadıb. “Əl-İbda” qızlar liseyini və BƏƏ Universitetinin “Tibb və sağlıq elmləri” fakültəsini bitirmişəm. Ali təhsilimi başa vurduqdan sonra Dubay Beynəlxalq Aeroportunda və Əbu-Dabi Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalmışam. 2010-ci ildən isə BƏƏ Səhiyyə Nazirliyində işləyirəm. Bir çox xarici ölkədə keçirilən beynəlxalq konfranslarda, tibbi simpoziumlarda elmi məruzələrlə çıxış etmişəm.

Karyerada irəliləmək, iş sahəsində, ictimai-siyasi sferada uğurlar qazanmaq dərin bilik, gərgin əmək və zəhmət tələb edir. Dahi bir təbib alimin dediyi kimi: “Həkim mütləq ictimai xadim və fəal mübariz olmalı, öz humanist fikirlərini, xeyirxah əməllərini sözlə ifadə etməyib, əhalinin sağlamlığı üçün yollar axtarmalı, fəaliyyət göstərməlidir”.

- Hazırda koronavirusla bağlı BƏƏ-də vəziyyət necədir?

- Ümumbəşəri, qlobal bəlaya çevrilən koronavirusla mübarizədə fədakarlıq göstərən həkimlərin, səhiyyə işçilərinin, tibbi personalın qəhrəmanlıqları danılmazdır. Peşəkar həkimlər, ixtisaslaşmış mütəxəssislər və öncədən səhiyyə sisteminin düzgün qurulması, səhiyyə infrastrukturunun dünya standartlarına uyğun formalaşdırılması pandemiya ilə mübarizədə xüsusi rol oynayır.
Vəliəhdin təltif etdiyi həkimimiz danışdı – Eksklüziv
Qeyd edim ki, aparılan koronavirus testlərinin sayına görə Birləşmiş Ərəb Əmirlikləri dünyada liderdir. BƏƏ-nin səhiyyə orqanları ölkədə 2,5 milyondan çox COVİD-19 testi keçirib ki, bu da dünya üzrə əhali sayına görə ən yüksək test sayıdır. Ümumilikdə gün ərzində test mərkəzlərində, xüsusi xəstəxanalarda 40 mindən çox koronavirus testi aparılır.

BƏƏ dünyada ilk dəfə avtomobili tərk etmədən COVİD-19 virusunun beş dəqiqə ərzində test edilməsini mümkün edən müayinə mərkəzlərini istifadəyə verib. Bundan əlavə, BƏƏ dünyada ilk hərəkət edən COVİD-19 test mərkəzlərini açan ölkədir. Virusun yayıldığı ilk dönəmlərdə BƏƏ-nin “İnsanlığa Yardım” təşəbbüsü çərçivəsində ölkə rəhbərliyi öz vətəndaşları ilə yanaşı, Çinin Uhan şəhərində qalan bütün ərəb vətəndaşlarının, ümumilikdə 78 ölkədən olan şəxslərin təxliyəsini həyata keçirdi. Çindən təxliyə olunanlar Əbu-Dabidə yeni yaradılmış “Humanitar Əmirliklər şəhəri”ndə yerləşdirilərək karantinə alındılar və tibbi yoxlanış prosedurlarından keçdilər. “Humanitar şəhər” qəbul edilmiş şəxslərin orada qaldıqları müddətdə rahatlığını təmin etmək, keyfiyyətli yardım göstərmək məqsədilə ən yüksək standartalara uyğun şəkildə təsis edilib. Bu addım Prezident Şeyx Xəlifə bin Zayed ən-Nəhyan və Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın COVİD-19 virusunun episentri olmuş Çinin Uhan şəhərindən təxliyə edildikdən sonra qonşu ərəb ölkələrindən müraciət edən şəxsləri lazımi monitorinq və qabaqlayıcı tibbi qayğı ilə təmin edəcək səhiyyə müəssisəsi təsis etmək barədə göstərişlərinə müvafiq olaraq atılıb.
Vəliəhdin təltif etdiyi həkimimiz danışdı – Eksklüziv
Bundan əlavə, paytaxt Əbu-Dabidə 13-dən çox yeni test mərkəzi, 4 modul tipli yeni xəstəxana istifadəyə verilib və 5 yeni sahə xəstəxanası yaradılıb. Hər biri 1200 çarpayılıq olan sahə xəstəxanaları əsasən gəlmə vətəndaşlar, işçilər üçün nəzərdə tutulub və yüksək səviyyəli tibbi avadanlıq, son model tənəffüs cihazları ilə təhciz olunub.

Bu tədbirlərin həyata keçirilməsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müvafiq tövsiyələri nəzərə alınır. Bu gün BƏƏ rəhbərliyinin COVİD-19-un yayılmasının qarşısını almaq üçün həyata keçirdiyi tədbirlər yalnız ölkədəki mütəxəssislər tərəfindən deyil, ÜST, xarici ölkələr, beynəlxalq təşkilatlar, əcnəbi alimlər, məşhur siyasətçilər tərəfindən də rəğbətlə qarşılanır.

Qeyd edim ki, BƏƏ hökuməti COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması üzrə səyləri dəstəkləmək məqsədilə ötən həftə Azərbaycana Əbu-Dabi əmirliyinin Etihad Hava Yollarına məxsus karqo təyyarəsi ilə 11 ton tibbi yardım və test cihazları, eləcə də virusa yoluxan xəstələr üçün zəruri humanitar yardımlar göndərdi. BƏƏ-nin Azərbaycana göndərdiyi bu tibbi yardımdan 11 min tibb işçisi faydalanacaq. Bu günə qədər BƏƏ COVİD-19-a qarşı mübarizədə 1000 tondan çox fərdi qoruyucu vasitələr, tibbi və qida yardımı ilə dünya üzrə 1 milyondan çox mütəxəssisə dəstək olub.

COVİD-19-a qarşı mübarizə çərçivəsində və eləcə də vaksinlərin hazırlanmasında, maddi dəstək göstərilməsində BƏƏ Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edir. Birləşmiş Ərəb Əmirliklərində lazer şüası vasitəsilə koronavirusu aşkar etmək üçün sürətli texnologiya hazırlanıb və hazırda sınaqdan keçirilir. Lazer şüaları texnologiyası qan hüceyrələrinə yoluxan virusu müəyyənləşdirir, orqanizmdəki dəyişiklikləri aşkarlayır. Bu texnologiya mütəxəssislərə geniş miqyasda araşdırmalar aparmağa imkan verməklə yanaşı, yoluxucu xəstəliklərin yayılmasının qarşısını alacaq və testlərin nəticələri dərhal bilinəcək. Bundan əlavə, “Süni intellekt və hesablamalar üzrə” BƏƏ-də mərkəzləşmiş G42 şirkəti və Çinin “Sinopharm Group” əczaçılıq şirkəti əmirliklərdə COVİD-19 peyvəndinin 3-cü sınaq fazasının keçirilməsinə başlayıblar. Bu, dünya üzrə insanlarda aparılan son mərhələdə olan ilk sınaqlardan biridir.
Vəliəhdin təltif etdiyi həkimimiz danışdı – Eksklüziv
- İddia edilir ki, insanlıq bu virusa qalib gələ bilməyəcək və hər kəs yoluxacaq.

- Yanlış versiyalar, elmi araşdırmalara, tibbi təcrübələrə söykənməyən mülahizələr insanlar arasında çaşqınlıq yaradır. Bugünkü pandemiya dönəmində ən aktual məsələ virusdan qorunmaq və sağlamlığın qeydinə qalmaqdır. Sağlamlığı qorumaq isə hər kəsin öz əlindədir. Özünü, ailəsini, yaxın ətrafını qorumaq üçün hər bir insanın sanitar, dezinfeksiya qaydalarına riayət etməsi vacibdir. Təbii, orqanizmlər fərqlidir, fərdidir. Orqanizmlər fərqli olduğu üçün reaksiyalar da fərqlidir. Virusa yoluxan şəxslər arasında xəstəliyin ağırlaşmaları daha çox yaşlı insanlar, immun sistemi zəif olanlar və ən çox tənəffüs sistemi, ürək-damar, şəkərli diabet, onkoloji, böyrək, qaraciyər çatışmazlığı və s. xəstəlikləri olan şəxslərdə müşahidə olunur. Belə ki, ölüm göstəriciləri bu kateqoriyalar üzrə daha yüksəkdir. Məhz bu səbəbdən qeyd etdiyim xəstəliklərdən əziyyət çəkən xəstələr daha da diqqətli olmalıdırlar.

İnsan zəkasının hüdudları sonsuzdur. Elm, təbabət mütləq koronavirusa, bu bəlaya qalib gələcək. Lakin çalışaq ki, həmin vaxta qədər qorunaq, özümüzdən, əzizlərimizdən, ətrafımızdan muğayat olaq, sağlam qalaq!

- Azərbaycanda insanlar arasında hələ də koronavirusa inanmayanlar var. Peşəkar həkim kimi həmvətənlərimizə nələri tövsiyə edərdiniz?

- Koronavirus təkcə Azərbaycanı deyil, dünyanı cənginə alan, bütün ölkələrdə tüğyan edən bəladır. Hər qaranlıq gecənin bir işıqlı səhəri olduğu kimi, gün gələcək bu ağır günlər bitəcək, insan oğlu bu bəlanı da ram edəcək. Sadəcə, hazırkı şəraitdə daha çox səbir və düşüncəli yanaşma göstərmək, qaydalara, tibbi tələblərə əməl etmək vacibdir. Xəstəliyin yayılmasının qarşısını almaqda, pandemiya ilə birgə mübarizədə hər kəs üzərinə düşəni etməli, məsuliyyətli olmalıdır. Həmvətənlərimizə karantin qaydalarına, tibbi tövsiyələrə ciddi riayət etmələrini, sosial məsafəni qorumalarını, ictimai məkanlarda tibb maska taxmalarını, əlcəkdən istifadə etmələrini məsləhət görürəm və pandemiyanın bu çətin dövründə sağlamlıq arzulayıram.

- Bu işdə göstərdiyiniz fədakarlığa görə sizə mükafat verildi. Azərbaycanda bu xəbər məmnunluqla qarşılandı.

- Çexov deyir: “Həkimlik sənəti qəhrəmanlıq, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır”.

Pandemiyanın ilk dönəmlərindən gərgin iş rejimində çalışan və virusa qarşı mübarizədə insanlığa xidmət edən həkimlərdən biri olduğum üçün hədsiz qürur hissi keçirirəm. Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan tərəfindən təltif olunduğum bu fəxri mükafat və təşəkkürnamə məktubu iş həyatımın ən çətin və gərgin dönəminə təsadüf etdiyi üçün mənə məxsusi əzizdir. Diqqətinizə çatdırım ki, Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan sözün həqiqi mənasında diqqətli, səmimi, alicənab və zəhmətə dəyər verən insandır. Bu çətin dönəmlərdə aylardır evlərinə baş çəkə bilməyən həkimlərin, tibb işçilərinin ailələrinə, övladlarına zəng edir, ehtiyacları ilə maraqlanır, əzizlərindən ayrı düşənlərə öz dəstəyini bildirir, şükranlıq və minnətdarlıq hisslərini çatdırır. Əbu-Dabi vəliəhdinin çətin günlərdə əməyə, çəkilən zəhmətə verdiyi bu ali dəyər mənim üçün qürur və iftixar rəmzidir.
Vəliəhdin təltif etdiyi həkimimiz danışdı – Eksklüziv
- Bildiyimizə görə, bu, sizin ilk mükafatınız deyil.

- İctimai və iş fəaliyyətimə görə dəfələrlə BƏƏ rəhbərliyinin ali mükafatları, fəxri ödülləri ilə təltif olunmuşam. Ölkə başçısının anası, “Umm əl-İmarat” adlandırılan Şeyxə Fatma bint Mübarəkin təsis etdiyi “Əl-mar-a İmaratiyə” – “BƏƏ qadını” fəxri adına, eləcə də BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed ən-Nəhyanın əmri ilə “İlin ən fəal ictimai qadını” tituluna layiq görülmüşəm.

“BƏƏ qadını” fəxri adına indiyə qədər ölkə üzrə cəmi bir neçə xanım layiq görülüb və onların arasında mənim də adımın olması qürurvericidir. Düşünürəm ki, öz işini sevərək və vətəndaşlıq məsuliyyətini dərk edərək əldə edilən uğurlar insan üçün, xüsusilə həkim üçün ən böyük xoşbəxtlikdir.



REKLAM