sehiyye.info

Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib

Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 25-də Naftalan şəhərində məcburi köçkünlərin tibbi müayinəsi keçirilib. Tibbi aksiyanın təşkilində məqsəd məcburi köçkünlərə yaşadıqları ərazidə yüksəkkeyfiyyətli səhiyyə xidmətindən istifadə etmək imkanı yaratmaqdır.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından ezam olunmuş 20 nəfərdən ibarət həkim briqadası ötən ilin iyununda istifadəyə verilmiş Naftalan Şəhər Mərkəzi Xəstəxanasında məcburi köçkünləri müayinə edib, onların sağlamlıq vəziyyətini yoxlayıblar. Naftalan şəhərində təşkil edilmiş müayinəyə burada və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər cəlb ediliblər.

Sağlam vətəndaş – sağlam cəmiyyət, sağlam cəmiyyət – güclü və qüdrətli dövlət deməkdir. Azərbaycanda əhalinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin prioritetlərindəndir. Bu məqsədlə səhiyyə sistemi təkmilləşdirilir və inkişaf etdirilir, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi üçün təsirli tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi hərtərəfli tibbi müayinəyə cəlb olunur. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müayinə və müalicəsində Birinci vitse-prezident Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri var.

Qeyd edək ki, bundan əvvəl məcburi köçkünlər üçün tibbi aksiyalar Bakının Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində, Müşfiq qəsəbəsində, Binəqədi rayonunun Mehdiabad qəsəbəsində təşkil edilib.

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı digər şəhər və rayonlarda da bu cür tibbi aksiyaların keçirilməsi nəzərdə tutulub.



Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib
Naftalanda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib



REKLAM