sehiyye.info

"İkinci dalğaya hazırlaşırıq..." - İtaliyada çalışan azərbaycanlı həkim

"İkinci dalğaya hazırlaşırıq..." - İtaliyada çalışan azərbaycanlı həkim
Sehiyye.info xəbər verir ki,Teleqraf.com-un suallarını İtaliyanın “San Salvator” xəstəxanasında çalışan azərbaycanlı cərrah Sayalı Priqol Vəliyeva cavablandırıb.

Azərbaycanlı həkim COVID-19-un proqnozlaşdırılan ikinci dalğasına hazırlıq, korona xəstələrini sağaltmaq üçün istifadə edilən protokollar, vaksinlə bağlı gözləntilər və digər vacib məqamlara aydınlıq gətirib. Müsahibəni təqdim edirik:

- Sayalı xanım, Sizinlə müsahibəyə başlamazdan əvvəl yolda olduğunuzu, xəstəxanaya getdiyinizi bildirdiniz. İtaliyada hazırki durum barədə məlumat verməyinizi rica edirəm. Xəstəxanalarda hələ də COVID-19-a yoluxanlar çoxluq təşkil edirmi?

- İtaliyada hazırki durum qənaətbəxşdir. Pandemiyanın alovlu vaxtları ilə müqayisə etsək, indi müsbət gedişatı müşahidə etdiyimizi söyləyə bilərik. Aprel ayında başlayan müsbətə doğru gedişat bu günlərdə xəstəxanaya yatırılan ağır vəziyyətdə xəstələrin sayının azalmasında özünü göstərir. Sağalan şəxslərin sayında indiyə qədər qeydə alınan göstəricilər arasında ən yüksək rəqəm aşkar edildi.
"İkinci dalğaya hazırlaşırıq..." - İtaliyada çalışan azərbaycanlı həkim
Bu, o deməkdir çətinliklə də olsa indi qarşımızda olan patogen virusu tanıya və onunla lazımi qədər mübarizə apara bilirik.

- Hansı xəstəxanada çalışırsınız? Səhv etmirəmsə, cərrahiyə şöbəsində işləyirsiniz, amma infeksiyaya yoluxan xəstələrin müalicə prosesinə cəlb olunmusunuz, elə deyilmi?

- Abruzzo regionunun Akvila şəhərində “San Salvator” xəstəxanasında ümumi cərrahiyyə ixtisası üzrə rezidentura təhsili alıram. Rezidentura təhsilinə başlayana qədər İtaliyanın səhiyyə sistemində ailə həkimi əvəzləyicisi, növbətçi həkim, qocalar evlərində həkim kimi çalışmışam.

Yaşadığım regionda koronavirus infeksiyası mülayim keçdi, indiyə qədər təxminən 3072 nəfərin COVID-19 testi pozitiv çıxıb, 348 ölüm hadisəsi qeydə alınıb. İnfeksiya ilə mübarizədə ilk növbədə anestezioloq-reanimatorlar, pnevmoloqlar, infeksion xəstəliklər şöbəsinin həkimləri və tibb bacıları iştirak edirdi. Biz cərrahlara ehtiyac qalmadı, pandemiyadan ziyan çəkən regionlarda hətta cərrah-rezident həmkarlarımız da müalicəyə cəlb olundular.

Cərrah olaraq işimiz təcili əməliyyatlar və onkoloji cərrahiyə ilə məhdudlaşdı. Koronavirus testi müsbət çıxan hallarda xüsusi protokolalrla işlədik. Həmin xəstələrin sonrakı müalicəsi ağırlığından asılı olaraq COVID və Reanimasiya və intensiv terapiya şöbəsi şöbəsində davam etdirildi.



- İkinci dalğanın olacağı xəbərdarlığı edilir. Həkimlər növbəti dalğaya necə hazırlaşır?

- Bildiyiniz kimi İtaliyada da digər dünya ölkələrində olduğu kimi koronavirus pandemiyası ilə əlaqədar olaraq qısa bir zamanda COVID-19 xəstəxanaları inşa olundu. Növbəti dalğaya əvvəlkindən daha çox hazırlıqlıyıq. Çünki vurğuladığım kimi indi qarşımızda olan patogeni virusu yaxşı tanıyırıq, onun epidemioloji gedişatına, insan orqanizmində törətdiyi fiziopatoloji dəyişikliklərə bələdik.

Eləcə də onunla hansı üsullarla mübarizə aparacağımızı gözəl bilirik, hazırda bilgi cəhətdən daha hazırlıqlıyıq. Həmçinin də pandemiyanin ilkin gedişatındaki bəzi ləvazimat,aparat,yataq yeri qıtlığı nisbətən azdır. Düşünürəm ki, ikinci dalğa olsa belə az zərərlə çıxmış olarıq. Bəlkə də heç ziyan olmayacaq, ona görə ki, indi vəziyəti daha yaxşı və keyfiyyətli şəkildə idarə etmək qabiliyyətindəyik.
"İkinci dalğaya hazırlaşırıq..." - İtaliyada çalışan azərbaycanlı həkim
- KİV-lərdə ayrı-ayrı ölkə alimlərinin dərman, vaksin tapdığına dair ümidverici xəbərlər yayılır. Tibb elmi bu taclı virusun bəlasından üzüağ çıxacaqmı?

- Vaksinin hazırlanması üçün təbii ki, zaman lazımdır. Hazırda mövcud olan bəzi vaksinlərin hazırlanmasına onilliklər sərf olunub. Müasir tibb çalışır ki, qısa bir zamanda profilaktik gücü kifayət olan bir vaksin hazırlasın və istifadəyə versin.Təxminən 40 civarında vaksin təcrübənin son fazasındadır. Dünyanın müxtəlif ölkələrində bu eksperimentlər aparılmaqdadır və yüzdən çox vaksin isə təcrübənin ilk fazasındadır. Bu fazalarda əldə olunan nəticələr hansı vaksinin daha effektiv olduğunu göstərəcək. Təbii ki, buna vaxt lazımdır. Çünki vaksin yoluxucu xəstəliklərin profilaktikasında istifadə olunur və kifayət qədər qazanılmış imunitet yaratmaq qabiliyyətinə malik olmalıdır. Yaranan imunitet effektiv, davamlı olmalıdır.

XXI əsrdə yaşayırıq və tibb elmi müasir texnologiyaların tətbiqi ilə indiyənə qədər yığılmış biliklərimizlə əlbəttə, bu virusun qarşısını almağa yetəcək. Dediyim kimi əldə etdiyimiz nəticələri zamanla araşdıra-araşdıra, ələyə-ələyə görəcəyik. Araşdırmalar dərman vasitələrinə də aiddir. Çünki indi COVID-19 müalicəsində istifadə olunan dərmanların əksəriyyəti off-label olaraq istifadə olunur, bəzi yeni dərmanlar isə təcrübədən keçirilir.

Dərman vasitələrində istifadəsində müəyyən fazalar var. Hansı fazalardan hansı nəticələr əldə etdiyimizi, hansı dozada və xəstəliyin hansı mərhələsində istifadə olunması, əks təsirləri bə digər məqamlar nəzərə alınaraq tətbiq olunur. Məsələ kənardan asan görünməsin, çünki bütün bu yeni nəticələrin, istifadə olunan bütün dərman vasitələrinin arxasında çox uzun bir araşdırma dayanır, tərəzinin gözünə qoyub digər xəstəliklərə əks-təsiri, mübarizə qabiliyyəti kimi məqamlar nəzərə alınır, bir sözlə, çox mürəkkəb bir əmək tələb eden prosedurdur.

Düşünürəm ki, kifayət qədər effektiv olan dərman vasitəsinin tapılması indiki tibb elminin əlində çətin bir şey deyil. Amma buna zaman lazımdır.



- Adətən, azərbaycanlı həkimlər təcrübələrini artırmaq üçün Almaniya və Türkiyəyə üz tutur. Yolunuz İtaliyadan necə düşdü?

- İtaliyanı turist kimi gəzib-görmək uşaqlıqdan arzum olub. Amma İtaliyada təhsil almaq istəyi 2012-ci ildə Mərkəzi Kliniki Xəstəxanada urologiya ixtisası üzrə assisent çalışdığım ərəfələrdə yarandı. Ona görə də həmin il Milan Manca Dalli xəstəxanasına urologiya ixtisası üzrə təcrübəyə gəldim. İtaliyada təhsil almaq üçün hansı sənədləri yığmalı olduğum barədə sual verə biləcəyim kimsə yox idi. O zamanlar bildiyim qədərilə İtaliyada tibb təhsili alan şəxs olmadığından bu məlumatları əldə etmək üçün özüm təkbaşına axtarışa başladım. İtaliyaya gəldim, həmin ərəfəsində gələcək həyat yoldaşımla tanış oldum. Bunu bir az tanrının məni yad ölkədə yalnız qoymamağı kimi qəbul etdim və İtaliyaya daha da yaxınlaşdım.

2013-cü ildə İtaliyada Trieste universitetinə diplomumu təsdiqlətmək üçün sənədlərimi verdim və daha sonra İtaliyada tibbi yolum başladı. İtaliya məni açıq qapılarla qebul etdi. Niyə İtaliya? Bu sualı özüm də özümə verirdim.

Həmkarlarımın hamısı Türkiyəyə, Almaniyaya gedir, mən niyə İtaliyanı seçim? Suala cavabı həmişə axtarırdım. Bəlkə bu seçim ondan irəli gəlir ki, mən çoxluğun deyil, azlığın etdiyi seçimləri daha çox etməyə meyilliyəm. Bunu həm də sınaq kimi qəbul edirdim, özümü bir növ sınağa çəkmək məqsədilə İtaliyaya gəldim. Özlüyümdə deyirdim görüm bacara biləcəyəmmi? Bu ölkəni sevirəm, ailə olaraq bağlanmışam, həm də təhsil alıram, bu üç məqama görə İtaliya ilə doğma bağ yaranıb.

- İtaliya koronavirus xəstələrinin müalicəsində hansı müalicə protokolundan istifadə edir?

- İtaliya da COVID-19 müalicəsində istifadə olunan yeganə müalicə protokolu yoxdur. Amma IFA adlı farmakoloji agentliyinin istifadəsinə icazə verdiyi dərman vasitələri var və həmin dərman vasitələrindən istifadə etməklə hər bir xəstəxana həm profilaktikada, həm müayinədə, həm də müalicədə öz daxili protokolunu hazırlayır. Həmin protokol üzrə tədbirlər görülür.

Ümümən götürdükdə müayinə və müalicə vasitələri xəstəliyin mərhələlərindən asılı olaraq fərqləndirilir. Yəni yüngül pnevmaniya zamanı, ağırlaşmamış vəziyyətdə, kəskin tənəffüs çatışmazlığı sindromu olanda, septik şok hallarında tibbi müayinə, müalicə taktikaları dəyişir. Amma ümumən götürdükdə oxşar vasitələrdən istifadə olunur. Hər bir xəstəxana daxili protokoluna əsasən hərəkət edir.

- COVID-19-un hələ də xüsusi ssenari, bioloji silah olduğuna dair konspirologiya irəli sürülür. Bu xəstəliyin olmasına hələ də inanmayanlara həkim kimi hansı çağırışı edərdiniz?

- COVID-19-un hər hansı xüsusi ssenari üzrə hazırlandığı, yaxud bioloji silah olub-olmadığına dair sualların cavabını təəssüf ki, bilmirəm. Həkim kontingentini bu az maraqlandırır. Onu deyə bilərik ki, harada, necə, nə məqsədlə yaranmasından asılı olmayaraq belə bir patogen var. Mənə elə gəlir ki, bunu bilmək kifayətdir. Bütün gigiyenik qaydalara riayət etməyə çalışmalıyıq. Sosial məsafə ən vacib qorunma vasitələrindən biridir. Çölə istənilən məqsədlə çıxanda qoruyucu maska taxılması mütləqdir. Ən azı vaksin tapıla qədər bu tədbirlərin davam etdirilməsi məqsədəuyğundur.

Çox təəsüf ki, virusa yoluxmuş şəxslə simptomsuz olduğu hallarda belə yoluxma mənbəyidirlər. Yəni bu, vəziyyəti ağırlaşdıran bir faktdır. Özümüzün sağlam olduğumuzu düşündüyümüz halda belə gigiyena qaydalarına, sosial məsafəsinə riayət etməliyik. Həmçinin sağalmış şəxslər də həm özlərinə, həm də yaxınlarına görə ehtiyatlı olmalıdırlar.

Ümumdünya Səhiyyə Təşkilatının da elan etdiyi kimi hələ ki orqanizmimizdə yaranan bizi xəstəlikdən qorumaqda bizə yardımçı olan həmin o anti-cisimlər dediyimiz qoruyucu zülal hissəciklər belə zamanla öz konsentrasiyasını itirir və bu da o deməkdir ki, qorunma qabiliyyəti azalır. Yəni bir-iki ay müəyyən bir müddətdən sonra həmin titrlər aşağı düşür və bu da sağalmış şəxsin yenidən yoluxma ehtimalını artırır. Ona görə virusdan sağalmış şəxslər belə ehtiyatlı davranmalıdırlar.

"İkinci dalğaya hazırlaşırıq..." - İtaliyada çalışan azərbaycanlı həkim

- Həkim həmkarlarınız arasında infeksiyaya yoluxanlar olubmu?

- Bəli, biz cərrahlar arasında yox, amma digər ixtisaslı həkimlər arasında yoluxma halları müşahidə olundu. Karantinə alınandan sonra artıq ətraf mühit deyil, xəstəxanalar özləri bir yoluxma mənbəyinə çevrildilər. Çünki daha çox ünsiyyət xəstəxana daxilində baş verdi. Hətta xəstəxanamızdakı şöbələrdən biri tam heyətlə bütün tibb işçiləri karantinə göndərildi. Yoluxma müalicə altında olan koronaviruslu xəstədən keçmişdi.

Həkim kontingentimizdə ağır hallar qeydə alınmadı. Hazırda vəziyyət müsbətə doğru getdiyindən sub-intensiv terapiya şöbəmiz demək olar ki, istifadəsini dayandırmaq üzrədir. Çünki artıq orda xəstələrimiz yoxdur. İntensiv terapiya şöbəsində isə çox az sayda xəstələrmiz var. Pnevmologiya, infektiv şöbədə olan xəstələrin də sayı kifayət qədər azalıb. Bir xəstəxana timsalında onu görmək olur ki, gedişat müsbətə doğrudur və yoluxmaların, intensiv terapiya tələb edən xəstələrin sayıda getdikcə azalır.



REKLAM