sehiyye.info

11542 Çağrı Mərkəzində psixoloji dəstək xətti və poliklinik xidmətlər fəaliyyətə başlayıb

11542 Çağrı Mərkəzində psixoloji dəstək xətti və poliklinik xidmətlər fəaliyyətə başlayıb
Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən 1542 Çağrı Mərkəzində COVID-19 xəstəliyi ilə bağlı məlumatlar, psixoloji dəstək xətti və poliklinik xidmətlərlə bağlı bölmə fəaliyyətə başlayıb.

Sehiyye.info xəbər verir ki, Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən xidmətlərin məqsədi koronavirus (COVID-19) pandemiyasının dünyada sürətlə yayılmasını nəzərə alaraq, bu infeksiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsinə dəstəkdir.

Psixoloji dəstək xəttinin koordinatoru Nərmin Osmanlı bildirib ki, xidmətlərin göstərilməsi üçün təxminən 70-ə yaxın həkim cəlb olunub. Onlardan 21-i psixoloqdur. Onun sözlərinə görə, psixoloji dəstək xətti aprelin 23-dən etibarən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir. Psixoloji dəstək xətti 3 bölmədən ibarətdir. Tibbi personal üçün psixoloji dəstəyin məqsədi COVID-19 xəstələri ilə çalışan tibbi personal üçün onlayn psixoloji dəstəyin təmin edilməsi, krizis anında və ya tükənmişlik hiss etdiklərində onlayn qısa terapiya xidmətinin göstərilməsidir. Digər bölmələr isə ictimaiyyət üçün psixoloji dəstək və xəstələr üçün psixoloji dəstəkdir.

“Müraciət edən vətəndaşlara ilkin psixoloji yardım göstərməyi hədəfləyirik. Həmçinin onları ilkin psixoloji yardım göstərməklə bağlı maarifləndirməyə çalışırıq. Vətəndaşlar zəng edərkən təşviş halında olarlarsa, onlara vəziyyəti stabilləşdirmələri barədə müəyyən texnikalar öyrətməyə cəhd edirik. Həmin texnikaları daha sonra da tətbiq etmələrini tövsiyə edirik. Pasiyent ağır vəziyyətdədirsə, onu təqib edə, yenidən onun vəziyyətini yoxlaya və dəstək ola bilirik”, - deyə N.Osmanlı qeyd edib. O diqqətə çatdırıb ki, COVID-19 xəttinə daha çox xəstəliyə yoluxma yolları, virusun əlamətləri, testlərin necə və harada aparılması ilə bağlı zənglər gəlir.

N.Osmanlı poliklinik xidmətlərlə bağlı bölmənin isə iki qrupdan ibarət olduğunu deyib. Belə ki, birinci qrup, koronavirus xəstəliyi ilə bağlı müraciətlər cavablandırır. Həmin qrup, eyni zamanda, xəstəlikdən sağalan və karantindən çıxan şəxslərlə əlaqə saxlayaraq səhhətlərini nəzarətdə saxlayır. İkinci qrup ümumi müraciətləri cavablandırır, ehtiyac yarandıqda, vətəndaşları 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yönləndirir.

Qeyd edək ki, vətəndaşlar Çağrı Mərkəzi ilə stasionar və mobil telefonlardan 1542 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər. “Çağrı” mərkəzinə müraciət edildikdə:

koronavirus epidemiyası ilə bağlı məlumat almaq üçün – 0;

icbari tibbi sığorta və digər məsələlərlə bağlı məlumat almaq üçün - 1;

psixoloji dəstək üçün – 2;

poliklinik xidmətlərlə bağlı dəstək üçün isə 3 düymələri seçilməlidir.

Çağrı Mərkəzinin koronavirusla bağlı xətti 7 gün 24 saat, digər xətlər isə həftəiçi 08:00-dan 22:00-dək, həftəsonları isə 09:00-dan 21:00-dək fəaliyyət göstərir.AZƏRTAC



REKLAM