sehiyye.info

İndi sizi koronavirusdan kim sağaldacaq? – Doktor Taryel Ömərovun YAZISI

İndi sizi koronavirusdan kim sağaldacaq? – Doktor Taryel Ömərovun YAZISI
Taryel Ömərov,
Laparoskopik Bariatrik-Metabolik Cərrah

Cənab prezidentin tapşırığı ilə yaradılan, Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verdi ki, tibb ocaqları bayram günlərində də tam rejimlə çalışsın.

Bəli, bu indiki vəziyyətdə ən önəmli qərarlardan biridir.

Heç kimə gizli deyil ki, dövlətimizin sürətli inkişaf tendensiyası daxilində səhiyyəmiz də çox sürətlə dünya tibbinə inteqrasiya edib. Bu proses hazırda da davam etməkdədir. Dövlətimizin xüsusi diqqəti sayəsində heç bir inkişaf etmiş ölkənin səhiyyə sistemindən geri qalmırıq. Hətta bəzi sahələrdə bir çoxlarını qabaqlayırıq.

Biz həkimlər tibb əsgərləriyik.

Bu yazını isə illərdir Azərbaycan həkiminin adını aşağılamağa, illərini, gözünün nurunu öz tibbi biliklərinin artırılmasına həsr edən insanları nüfuzdan salmağa çalışan, Azərbaycan həkiminin gördüyü möhtəşəm işləri görməzdən gəlib, ən xırda neqativ halda dil pəhləvanına çevrilib, sosial mediada dövlətimizin intellektual tibb işçilərini gözdən salmaq üçün əlindən gələni əsirgəməyən bir qrup "İNSAN" üçün yazıram. Bəlkə indi öz daxili aləmlərində həyəcan dolu suallarına cavab tapdılar...

Həkimlər, yoxsa super qəhrəmanlar?

Məktəblər bağlıdır,
Ofislər, iş yerləri bağlıdır,
Ticarət mərkəzləri demək olar ki, bağlıdır,
Konfranslar ləğv edildi,
Toylar, şənliklər məhdudlaşdırıldı.
Tədbirlər məhdudlaşdırldı
Turizm dayandı.
Uçuşlar məhdudlaşdırılıb və bir çoxu dayandırılıb,
Dəmir yolları və digər ölkə xaricinə çıxan magistral yollarda məhdudlaşma var,
Dünya iqtisadiyyatı tənəzzül dövrünü yaşayır,
Artıq dünya siyasətində heç bir önəmli addımlar atılmır,
İnsanlar bir birinə toxunmağa, əl verib görüşməyə, əzizlərini bağrına basmağa belə qorxur, bəziləri artıq toxunuş hissini belə unudub. Lakin xəstəxanalar hələ də açıqdır və tam əksinə gücləndirilmiş rejimlə çalışır. Həkimlər hələ də nə olmağından asılı olmadan insanlara toxunub, onları müayinə edirlər. Hətta işdə ən şiddətli xəstəliyin əlamətləri olsa da, biz həkimlər sizə yaxınlaşmağa, müayinə etməyə, üz-üzə, göz-gözə dayanmağa əsla tərəddüd etmirik. Çünki biz ali məsləyin sahibləriyik.
Bəli, kiçik zülal və sadəcə bir DNT birləşməsindən ibarət olan virus heç bir müharibə, heç bir iqtisadi manevr, heç bir siyasi gediş, heç bir təhsil taktikası və s. olmadan bütün dünyanı təlatümə gətirib, hər kəs rahatsızdır. Amma həkimlər əsla... daim insanların və insanlığın sağlamlığının keşiyindədirlər.

Bax budur həkim vicdanı, budur həkim andı.

İndi isə sözüm Azərbaycan həkiminə güvənmədiyini bildirib, onları daim aşağılayıcı sözlərlə ruhdan salmağa çalışan bir qrup insanadır:

İndi sizi kim müayinə edəcək? Kim sizi sağaldacaq? Kim öz sağlamlığını riskə ataraq, sizin sağlamlığınızın keşiyində dayanacaq? Və ən nəhayətdə bu xəstəliyin ən ağır vəziyyətində xəstəxanada olsanız, əzizləriniz belə yanınıza gəlməyə qorxduqları anda, biz sizin başınızda olacağıq...

Bəli, bəli, ancaq biz sizi hər kəsdən çox sevib, sizin üçün, sizin sağalmanız, ailənizə qovuşmanız üçün hər kəsdən daha çox əmək sərf edəcəyik... Ən böyük risk altında isə əlbəttə ki, biz olacağıq.

Biz dövlətimizin həkimi.

Azərbaycan həkimi.

Ən yüksək risk qrupunda olsaq da, insanımızın sağlamlığının qorunmasında ən birinci sıradayıq. Tam qəlbimizlə və tam gücümüzlə.

Biz hazırda sizcə super qəhrəmanlarıq?

Biz super qəhrəmanların filmlərdə və xəyallarda etdiklərindən qat-qat çətin və çox məsuliyyətli bir işi real həyatda görürük.

Sona qədər oxudunuzsa, səsli düşünün mümkünsə...



REKLAM