sehiyye.info

Martın 12-si Ümumdünya Böyrək Günüdür

Martın 12-si Ümumdünya Böyrək Günüdür
Hər il qeyd edilən Ümumdünya Böyrək Gününün tarixi 2006-cı ilin martından başlayıb və həmin ayın ikinci cümə axşamı qeyd edilir. Əslində bu, böyrəklərin əhəmiyyəti haqqında qlobal informasiya və maarifçilik kampaniyasıdır. Onun tibb təqviminə salınması Beynəlxalq Nefroloqlar Cəmiyyəti və Beynəlxalq Böyrəklər Fondu Federasiyasının birgə səyləri nəticəsində mümkün olub.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Böyrək Gününün əsas məqsədi beynəlxalq və dövlət təşkilatlarının, siyasi strukturların diqqətinin həmin problemə cəlb edilməsi, səhiyyə sisteminin inkişafına yardım göstərmək, böyrək xəstələrinin problemi ilə əlaqədar səylərin birləşdirilməsidir. Həmçinin həmin günün məqsədləri sırasında tibbin bu sahəsində mütəxəssislərin təcrübə mübadiləsinin aparılması, böyrək xəstəliklərinin profilaktikası, müalicə keyfiyyətinin yaxşılaşdırılması, xəstələrə yardım göstərilməsi üçün yeni dərman preparatları və tibb avadanlıqlarının hazırlanmasına diqqəti cəlb etmək də var.

Dünya Səhiyyə Təşkilatının və Beynəlxalq Nefroloqlar Cəmiyyətinin məlumatlarına əsasən böyrək xəstəliyi dünya əhalisinin 10 faizi arasında yayılıb və təəssüf ki, bu rəqəm getdikcə artır. Söhbət əksər hallarda ölümlə nəticələnən ağır və xroniki hala çevrilən ağır xəstəliklərdən gedir.

"Kəskin böyrək çatışmazlığı" və "xroniki böyrək çatışmazlığı" diaqnozu haqqında çoxları eşidib. Amma bunların ürək-damar, şəkərli diabet, QİÇS və digər xəstəliklərdə əksər hallarda ölümə səbəb olduğunu və ölüm riskini artırdığını az adam bilir. Böyrəklərin əsas funksiyası şlakları, zərərli maddələri və duz yığıntılarını orqanizmdən təmizləməkdən ibarətdir. Həmin funksiyanın pozulması orqanizmin sürətlə intoksikasiyasına, ümumi sistemin işinin pozulmasına və nəticədə ölümə aparıb çıxarır. Böyrək çatışmazlığı şəraitində istənilən xəstəliyin müalicəsi zamanı medikomentoz preparatların qəbulu orqanizmin zəhərlənməsi riskini artırır.



REKLAM