sehiyye.info

İmmuniteti gücləndirən qidalar

İmmuniteti gücləndirən qidalar
Qışda orqanizmin immun sistemi zəifləyir və xəstəliklər yaranır. İmmuniteti gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdır. Həkimlər daha çox süd və süd məhsulları, dənli və paxlalı bitkilərlə qidalanmağı tövsiyə edirlər. Xüsusilə də lobya güclü immunomodulyator sayılır.
Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: “Dəniz məhsullarının bütün növləri və badam qəbul etmək immun sistemini gücləndirir. Bundan başqa soğan və sarımsağın tərkibində olan fitonsidlər viruslara qarşı orqanizmi möhkəmləndirir. Bal, arı südü, propolis kimi qidalardan istifadə olunması da çox xeyirlidir. Həmçinin limon, portağal və digər sitrus meyvələrinin tərkibində çoxlu miqdarda askorbin turşusu olduğuna görə orqanizmi gücləndirmək qabiliyyətinə malikdir”.

Bəzən immuniteti gücləndirmək məqsədilə dərman preparatları da qəbul edilir, lakin bu zaman ardıcıllığa fikir vermək lazımdır. Həkim-terapevt deyib: “Orqanizmi dərmanlarla qorumağa çalışanda 20 gün, qış fəslində isə 1 ay müddətində vitaminlər qəbul edilməlidir. Lakin immun sistemini gücləndirmək üçün gün ərzində rasiona təbii qidalar daxil etmək daha düzgündür”.

Mütəxəssislər bildirirlər ki, indi bütün dünyada geniş yayılan koronavirusa qarşı spesifik müalicə, onu yox edən dərman vasitəsi olmasa da, immuniteti gücləndirən qidalara üstünlük vermək virusa qarşı mübarizədə ən doğru yoldur. Bəzən insanlar çox qida qəbul etməklə orqanizmin müqavimətini artırmağı düşünürlər. Lakin bu, doğru deyil. İmmuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi şəkildə qəbul etmək lazımdır.



REKLAM