sehiyye.info

Uxan şəhəri gündə 2 dəfə dezinfeksiya edilir

Uxan şəhəri gündə 2 dəfə dezinfeksiya edilir
Çində koronavirusun yeni növünün (NCP) aşkarlandığı və ən çox yayıldığı Uxan şəhəri gündə 2 dəfə dezinfeksiya edilir.

AZƏRTAC Uxanda koronavirusla mübarizə ilə əlaqədar yaradılmış xüsusi qərargaha istinadla xəbər verir ki, virusun yayılmasının qarşısını almaq üçün hər gün şəhərdəki ictimai yerlər, nəqliyyat vasitələri, əhalinin tez-tez baş çəkdiyi məkanlar, küçələr, xiyabanlar dezinfeksiya olunur. Xüsusi avtomobillərdən istifadə olunmaqla havaya toz halında dezinfeksiyaedici maddələr buraxılır.

Çin Xalq Respublikasının Sədri Si Cinpin koronavirusla mübarizə tədbirləri ilə yerində tanış olub. O, paytaxtın Çaoyan rayonunda epidemiyaya qarşı qabaqlayıcı tədbirlər, nəzarət və sakinlərin gündəlik tələbat malları ilə təchizatı işləri ilə maraqlanıb.

Qeyd edək ki, Çində koronavirusun yeni növünə yoluxanların sayı 40 min nəfəri ötüb, bu virus səbəbindən ölənlərin sayı isə 909-a çatıb.

Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına əsasən, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 23 min nəfərdən çoxdur. İndiyədək 3381nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan 6484 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş təxminən 400 min nəfəri müəyyən edib, onlardan 187 mini həkim nəzarətindədir.
Koronavirusa ən çox yoluxma (29 min 631 nəfər) və ölüm halı (871) elə virusun aşkarlandığı Xubey vilayətində qeydə alınıb.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada, ümumilikdə, 300-dən çox adam virusa yoluxub. Çinin hüdudlarından kənarda - Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.



REKLAM