sehiyye.info

Çində koronavirusdan ölənlərin sayı 6-ya çatıb

Çində koronavirusdan ölənlərin sayı 6-ya çatıb
Çində koronavirusun indiyədək aşkar edilməmiş növünün (2019-nCoV) səbəb olduğu sətəlcəmdən ölənlərin sayı 6-ya çatıb.

Sehiyye.info xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Bildirilir ki, indiyədək Çində 300 nəfər bu virusa yoluxub. Onların əksəriyyəti (258 nəfər), habelə ölənlərin hamısı virusun ilk aşkarlandığı Uxan şəhərində qeydə alınıb. Bundan başqa, Pekin, Şanxay, Tiencin şəhərlərində, Quandun, Cıcian, Xınan vilayətlərində və Tayvan adasında virusa yoluxanlar var. Onların hamısı ya Uxanda səfərdə olmuş və ya Uxanda virusa yoluxmuş şəxslərlə yaxın ünsiyyətdə olanlardır.

Komissiyanın məlumatına əsasən, virusa yoluxmuş şəxslərlə yaxın ünsiyyətdə olmuş 1739 nəfər müəyyən edilib, onlardan 922-si həkim nəzarətindədir.

Çindən xaricdə isə Tailandda 2, Yaponiya və Cənubi Koreyada bir nəfərin koronavirusun yeni növünə yoluxduğu təsdiqlənib.

Dünya Səhiyyə Təşkilatı yeni virusla mübarizə məsələlərini müzakirə etmək üçün yanvarın 22-də fövqəladə iclas keçirəcək.

Qeyd edək ki, koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Xəstəliyin klinik əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərin döş qəfəsi rentgenoqrafiyalarının nəticəsində ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunur.AZƏRTAC



REKLAM