sehiyye.info

Səhiyyə Nazirliyində ilin yekununa həsr edilən kollegiya iclası keçirilib

Səhiyyə Nazirliyində ilin yekununa həsr edilən kollegiya iclası keçirilib
Dekabrın 30-da Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib. İclasda Səhiyyə Nazirliyi tərəfindən 2019-cu il ərzində görülmüş işlər barədə məruzələr dinlənilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda il ərzində səhiyyənin ən müxtəlif sahələrində həyata keçirilən tədbir, yenilik və uğurlar barədə ətraflı müzakirələr aparılıb.

Kollegiya iclasında tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun ölkəmizdə aparılan çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi, eləcə də səhiyyənin ayrı-ayrı sahələrində əldə edilən uğurlar, əhalinin sağlamlığının yaxşılaşdırılması sahəsində görülən tədbirlər barədə məruzəsi dinlənilib. Bildirilib ki, həm dövlət başçısının, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın sosialyönümlü siyasətinin nəticəsi olaraq Azərbaycanda yeni tibb ocaqları tikilir, tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir, təminatı yaxşılaşdırılır: “Bu siyasətinin nəticəsi olaraq Azərbaycanda çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi bu il də həyata keçirilib. Belə ki, 2019-cu ildə yeni tikilmiş Qobustan Rayon Mərkəzi Xəstəxanası əhalinin istifadəsinə verilib, Buzovnada yerləşən Tibbi Reabilitasiya Mərkəzində, Qazax, Şəmkir, Goranboy Rayon Mərkəzi xəstəxanalarında təmir-tikinti işləri başa çatıb, tam təchiz olunub və açılışa hazırdır. Şəki, Gəncə Psixiatriya xəstəxanaları, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, professor Gindes adına Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi başa çatıb, növbəti ildə açılışı gözlənilir. Hazırda Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının, Qəbələ, Füzuli, Samux Rayon Mərkəzi xəstəxanalarının, Bakı şəhər 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbə xəstəxanasının, Sumqayıt 2 nömrəli Şəhər Xəstəxanasının tikintisi, Bakı şəhər 2 nömrəli Doğum evinin, Salyan Rayonu Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin və Uşaq Xəstəxanasının əsaslı təmiri davam etdirilir. Böyük diaqnostik imkanlara və kadr potensialına malik olan belə tibb ocaqlarının yaradılması həm paytaxtda, həm də bütün regionlarda əhaliyə yüksək keyfiyyətli və hərtərəfli tibbi xidmət göstərməyə münbit şərait yaradıb. İl ərzində 18 yaşdan yuxarı əhalinin 74 faizi tibbi müayinələrdən keçirilib. Müraciət edənlərin 279 min nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb. Onlardan 21 min nəfər hospitalizə olunub, 56 minə yaxın şəxs dispanser nəzarətinə alınıb, 1 milyon 800 mindən çox insan əlavə müayinələrə cəlb olunub, 99 mindən çox insan sağlamlaşdırılaraq dispanser qeydiyyatından çıxarılıb”.

G.Poladov bildirib ki, ümumilikdə 2019-cu il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 47 milyondan artıq müraciət olub, 712 min xəstə stasionar müalicəyə cəlb edilib. Cari ildə 8 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib: “2019-cu ildə uşaqların 91 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilən uşaqların 4 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 0,9 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub. Maddi texniki bazanın inkişaf etdirilməsi, kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına bu gün ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunur. 2019-cu ildə dövlət hesabına 915 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub ki, onlardan 263-ü uşaqlardır. 2019-cu il ərzində 2 075 xəstəyə angioqrafiya müayinəsi aparılıb və onlardan 680 nəfərə angioplastika əməliyyatı icra edilib. Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə son illərdə 110 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb. 10 il öncə cəmi 7 nəfərə endoprotezləşmə əməliyyatı aparıldığı halda, cari ildə bu əməliyyatların sayı 119-a bərabərdir. Son illər Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Ümumilikdə 89 sümük iliyi transplantasiyası aparılıb, onlardan 13 nəfər kəskin leykoz, 6 nəfər aplastik anemiya, digər 70 nəfər isə böyük beta-talassemiya xəstəsi olub. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 10 il öncə 19,5 ton qan tədarük edilmişdirsə, 2019-cu il ərzində bu rəqəm 43 tondan artıq olub. Yalnız Məhərrəm ayında Aşura günü ərzində 5809 nəfərdən qan götürülüb və 2614 litr qan tədarük edilib. Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir”.

Tibbi yardımın təşkili şöbəsinin müdiri bildirib ki, artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı alınması istiqamətində konkret addımlar atılır: “Belə ki, il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub. Onlar arasında 3393 talassemiya daşıyıcısı, 135 qazanılmış immun çatışmazlığı sindromu, 297 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanlar arasında talassemiyalı 55 cütlük aşkar edilib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb ki, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb. Ümumilikdə, xəstəlik müəyyən edilən 15 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib. Hazırda ölkəmizdə 1667 hemofiliyalı xəstə qeydiyyatdadır. Bu xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub. Qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə əsasən, əmək qabiliyyətli yaşda olan insanların və uşaqların düçar olması, müayinə və müalicə xərclərinin çox baha olması bu insanlar üçün ağır yük idi. Hazırda 2700-dən çox xəstənin dövlət hesabına dərman preparatları ilə təminatı həyata keçirilir. Beləliklə də, əvvəllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşıb və bəzi hallarda sağalması mümkün olub. Müqayisə üçün qeyd etmək lazımdır ki, 10 il öncə bu xəstəlik üzrə Dövlət Proqramı yox idi və cəmi 3 adda dərman preparatı humanitar yardım çərçivəsində yalnız 400-ə yaxın xəstəyə verilirdi”.

Öz çıxışında Gülmirzə Poladov əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolunu vurğuladı: “Hazırda respublikamızda “Şəkərli diabet xəstəliyi üzrə” üçüncü Dövlət Proqramı uğurla icra olunur. Proqramların icra müddəti ərzində şəkərli diabetlə əlaqədar qeydiyyata götürülən xəstələrin sayı təxminən 2,5 dəfə artıb. Belə ki, 10 il öncə şəkərli diabet xəstələrinin sayı 108 min olubsa, 2019-cu ildə ölkədə 267 273 şəkərli diabet xəstəsi qeydiyyata alınıb, onlardan 1717 nəfəri 18 yaşadək olan uşaqlardır, 22 611 nəfər ilk dəfə qeydiyyata götürülənlərdir ki, onlardan 1617 nəfəri insulindən asılı olanlardır. Bu xəstələrin şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud olan gərginlik əsasən aradan qaldırılıb. Qeydiyyatda olan xəstələr 2019-cu il ərzində 160 117 ədəd qlukometr aparatı, 581 680 qutu striplə təmin edilib. Bütün uşaqlar insulin analoqları-şpris qələmlərlə və özünənəzarət vasitələri ilə təmin edilirlər. “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilir, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılır. Son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapıb. Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəz 661 süni böyrək aparatı ilə təchiz olunub, 3900-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Qeyd edək ki, 10 il öncə 12 mərkəzdə 198 süni böyrək aparatı quraşdırılmış və 1200 nəfər xəstəyə xidmət göstərilirdi”.

Qeyd olunub ki, hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 1000-ə yaxın insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb. Cari ildə dövlət hesabına 34 nəfərə böyrək köçürülməsi əməliyyatı aparılıb: “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” Azərbaycanda ilk dəfə 2012-ci ildə qəbul edilib, 2013-2017-ci illəri əhatə edərək uğurla başa çatıb. 2018-ci ilin fevral ayında ölkə başçısının Sərəncamı ilə 2018-2022-ci illər üçün “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” təsdiq edilmiş və hazırda icra olunur. Dövlət Proqramı çərçivəsində 1135 xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr maliyyə baxımından çox baha başa gələn yüksəkeffektli dərman preparatları ilə dövlət hesabına təmin olunurlar. Görülən tədbirlər, bu xəstəlikdən əlliliyin və ölüm hallarının azalmasına şərait yaradıb”.

Onun sözlərinə görə, qonşu ölkələrdə baş verən epidemioloji gərginliyə baxmayaraq, yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan kompleks profilaktik tədbirlər respublikada əldə olunan epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verir: “Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi ölkəmizdə də uşaqların 11 xəstəliyə qarşı immunlaşdırma tədbirləri ilə müdafiəsi təmin edilir. Ölkə üzrə peyvənd planı yenidoğulmuşların hepatit B vaksini ilə 98,8 faiz, poliomielit əleyhinə vaksinlə - 95,4 faiz, vərəm əleyhinə vaksinlə - 95,4 faiz, pnevmokok əleyhinə vaksinlə - 94,2 faiz, qızılca-parotit-məxmərək əleyhinə vaksinlə - 97,0 faiz və göyöskürək-difteriya-tetanus əleyhinə vaksinlə - 94,3 faiz yerinə yetirilib. Bunun nəticəsində xüsusi profilaktika vasitələri ilə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib. Poliomielit, difteriya, göyöskürək, epidemik parotit xəstəlikləri ölkədə artıq müşahidə edilmir, tetanus və məxmərək xəstəlikləri tək-tək hallarda baş verir. Ölkədə həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktika tədbirləri nəticəsində artıq 6 ildir ki, malyariyanın yerli yoluxması baş vermir. Bu nailiyyət Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən qiymətləndirilib və hazırda malyariyanın eliminasiyasının sertifikatlaşdırılması prosesinə başlanılıb. Vərəmin diaqnostikasının yaxşılaşdırılması, dərmanlara davamlı xəstələrin aktiv müalicəyə cəlb olunması, genişmiqyaslı profilaktik tədbirlərin görülməsi nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunub. Belə ki, son 10 il ərzində qeydiyyatda olan vərəmli xəstələrin sayı hər 100 min nəfərə 121,4-dən 88,1-ə qədər azalıb, bu xəstəlikdən ölüm halları 8,4-dən 4,5-ə enib.

Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, aparılan məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan hazırda immun çatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır: “Son 5 il ərzində Səhiyyə Nazirliyinin nəzdində “Viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi komissiya” fəaliyyət göstərir. Bu müddətdə komissiyaya 10803 nəfər müraciət edib, onlardan 7315-nə dövlət hesabına uzunmüddətli müalicə kursu təyin edilib. 2019-cu ildə nazirlik tərəfindən birbaşa virus əleyhinə təsir göstərən yeni nəsil dərman preparatları alınıb. Respublikada tibbi kadrların hazırlanması sahəsində ciddi addımlar atılır. Belə ki, 2018/2019-cu tədris ilində rezidenturanı 30 ixtisas üzrə 302 həkim-mütəxəssis bitirib ki, onlardan 266 nəfər iş yerlərinə göndərilib. 2019-cu ildə həkimlərin mərkəzləşdirilmiş işə qəbulu nəticəsində 337 həkim işə qəbul olunub ki, bunlardan 176 nəfər respublikanın bölgələrinin şəhər, rayon və kəndlərinin səhiyyə müəssisələrinin vakant həkim vəzifələrinə işə qəbul olunub. Cari tədris ilində 16 560 həkim və 8 964 orta tibb işçisi təkmilləşdirmə kurslarından keçib, 4 654 həkim və 7 697 orta tibb işçisi sertifikat alıb, eyni zamanda, 24 ixtisas üzrə 247 müdavim peşə hazırlığı kurslarında iştirak edib. 2019-cu ildə akkreditasiya edilən tədbirlərin sayı 260-dək artıb. İlkin səhiyyə sistemi səviyyəsində həkim və orta tibb işçilərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “İlkin səhiyyə xidmətinin göstərilməsi Qaydaları” hazırlanıb. Qaydalarda ailə həkimi ixtisası üzrə kadr hazırlığına xüsusi diqqət yetirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli Qərarı ilə “Rezidenturada təhsilin məzmunu və təşkili Qaydaları”nın Əlavəsində bəzi ixtisaslarla yanaşı “Ailə təbabəti” ixtisası da daxil edilib. Bununla yanaşı, Azərbaycan Tibb Universiteti nəzdində yaradılmış “Səhiyyə Menecmenti üzrə” magistraturaya tələbə qəbulu üçün normativ sənədlər, o cümlədən tədris planı tərtib edilib”.

Onun sözlərinə görə, hesabat ilində Səhiyyə Nazirliyinə müxtəlif məzmunlu 85 mindən çox müraciət daxil olub: “Bu müraciətlərin 36 faizini müxtəlif sorğular təşkil edib və onların əksər hissəsi yerindəcə öz həllini tapıb. Xüsusilə qeyd etmək istəyirəm ki, şikayətlə müraciət edənlərin sayı il ərzində cəmi 3 888 olub, bu da bütün müraciətlərin 4,5 faizini təşkil edib. Dərman təchizatı ilə şikayətlər ötən illərlə müqayisədə kəskin azalıb, şikayətlərin böyük hissəsini əsassız əlillik tələbləri təşkil edib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrini rəhbər tutaraq Səhiyyə naziri və nazir müavinləri tərəfindən bu il respublikanın 18 regionunda vətəndaşların qəbulu təşkil olunub, hər bir vətəndaşın müraciəti dinlənilib və bir sıra hallarda yerindəcə həll edilib”.

Qeyd olunub ki, hazırda 20-dən çox elektron informasiya sistemi və alt sistemləri “Vahid Səhiyyə İnformasiya Sistemi”nin tərkibində fəaliyyət göstərir: “Cari ildə “Ölüm hallarının elektron qeydiyyat”ına başlanılıb, “əmək qabiliyyətinin olmaması vərəqəsi”nin, “Ambulator tibbi kitabçadan və xəstəlik tarixindən çıxarış”ların vahid elektron reyestrlərinin yaradılması üçün müvafiq işlərə start verilib. İndiyədək Səhiyyə Nazirliyi tərəfindən informasiya sistemlərinin tətbiqi sahəsində 40 elektron xidmət istifadəyə verilib. Mühüm məqamlardan biri də odur ki, bu vahid sistemin digər qurumların informasiya sistemlərinə və “Elektron Hökumət” portalına inteqrasiyası da təmin edilib. İl ərzində Səhiyyə Nazirliyinin mətbuat xidməti tərəfindən 110-dan çox mətbuat konfransı, dəyirmi masalar, konfranslar təşkil edilib. Nazirliyin rəsmi internet səhifəsində tibb müəssisələrinin fəaliyyətini əks etdirən məqalə, video və reportajlarla bağlı 450-dən çox məlumat yerləşdirilib”.

Gülmirzə Poladov qeyd edib ki, 2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq: “Ölkə başçısının müvafiq fərmanlarına uyğun olaraq, Mingəçevir şəhəri və Yevlax rayonunda, daha sonra isə Ağdaş rayonunda həyata keçirilən icbari tibbi sığortanın pilot layihələri başa çatmaq üzrədir və artıq gələn ildən respublikanın bütün ərazisində tibbi sığortanın mərhələli şəkildə tətbiqinə başlanılacaqdır. Pilot layihələr çərçivəsində tibb müəssisələrinin yeni maliyyələşmə mexanizminin davamlı inkişaf etdirilməsi təmin edilib, işçilərin əməkhaqlarının ödənilməsi mexanizmləri təkmilləşdirilib və pilot ərazilərdə adambaşına düşən səhiyyə xərclərinin məbləği müəyyən edilib. Nazirlik tərəfindən səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların yeni, ən müasir tibb avadanlığı və cihazlarla təmin edilməsi, tibb kadrlarının peşəkarlıq səviyyəsinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib”.

Kollegiya iclasının davamında Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, 6 nömrəli Uşaq Klinik Xəstəxanasının baş həkimi Naibə Məmmədova, Səhiyyə Nazirliyinin baş-ftiziatrı Yavər Şıxəliyev çıxış ediblər.

Öz çıxışında ATU-nun rektoru, professor Gəray Gəraybəyli ölkəmizdə həyata keçirilən dövlət siyasətində səhiyyə və təhsil sisteminin təkmilləşdirilməsi və inkişafının prioritet yerlərdən birini tutduğunu qeyd edib: “Əminliklə deyə bilərik ki, Azərbaycan səhiyyəsi və tibb təhsili dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. 2020-ci ildə 90-illik yubileyini qeyd edəcəyimiz, respublikamızda tibb təhsilinin ocağı hesab edilən Azərbaycan Tibb Universiteti də bu islahatlardan kənarda qala bilməzdi. Bu nöqteyi-nəzərdən, tibb təhsilinin keyfiyyətinin yaxşılaşdırılması və tədris prosesinin təkmilləşdirilməsi, eləcə də təhsil proqramlarının dünyanın qabaqcıl universitetlərinin təhsil proqramlarına uyğunlaşdırılması məqsədilə universitetimizdə bir sıra islahatlar aparılıb. Belə ki, artıq ikinci ildir ki, tələbələrin biliklərinin qiymətləndirilməsində yeni imtahan sistemi tətbiq edilir, Buraxılış Dövlət İmtahanlarında məzunlarımızın bacarıqları yeni formada – Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan – (OSKİ) imtahanı formasında qəbul olunur. Keçən tədris ilindən etibarən, ilk dəfə olaraq, tələbələrin semestr ərzində, mərkəzləşdirilmiş şəkildə keçirilən aralıq qiymətləndirilməsi uğurla tətbiq edilir. Bununla da, tələbələrin qiymətləndirilməsinə subyektiv müdaxilələrin tam azalmasına və bu prosesin şəffaflaşdırılmasına nail olunub.”

Professor Gəray Gəraybəyli psixiatriya sahəsi ilə bağlı məsələlərə də toxundu: “Səhiyyə Nazirliyinin dəstəyi ilə psixi xəstəxanalarda aparılan təmir və tikinti işləri, onların təchizatı və dərman vasitələri ilə təminatının yaxşılaşması stasionar xəstələrinin saxlanılma şəraiti və müalicəsini xeyli dərəcədə yüksəldilib. Əgər ötən illərdə xəstələrin stasionarda qalma müddəti orta hesabla 6 aydan çox idisə, hal-hazırda hospitalizasiya müddəti 2,5 ayadək azalıb. Qeyd etmək istərdim ki, hazırda respublikamızda stasionarda uzunmüddətli, yəni 1 ildən yuxarı müalicə alan xəstələrin sayı, Dünya Səhiyyə Təşkilatının Avropa regionu üçün orta göstəricisindən hətta 15 faiz aşağıdır. Keçən ildən psixiatriyadan rezidentura müddəti 3 ilədək artırılıb. Fikrimizcə, bu, yaxın perspektivdə həkim-psixiatrların hazırlanması keyfiyyətinin yüksəlməsinə yardım edəcək. Cari dövrdə ölkəmiz Dünya Səhiyyə Təşkilatının (DST) psixiatriya müəssisələrində uzun müddət yardım alan şəxslərlə bağlı çox vacib beynəlxalq layihəsində də iştirak edib. Layihənin Azərbaycanda yerinə yetirilən hissəsi DST-in Avropa bürosu tərəfindən yüksək qiymətləndirilib. Uşaq və yeniyetmələrə psixososial yardım sahəsində Çikaqo Universiteti ilə birgə yerinə yetirilən digər layihəmiz də yüksək qiymətə layiq görülüb. Bu ildən, Almaniyanın Lüdviq-Maksimilian Universiteti ilə birgə affektiv pozulmaların müalicəsinin genetik aspektlərinin tədqiqinə dair birgə layihəyə başlanılıb.”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev çıxış edərək icbari tibbi sığortanın ölkə ərazisində tətbiqindən söz açıb: “Sığorta sisteminin ölkə ərazisində tətbiqi səhiyyə sahəsində atılan növbəti uğurlu addımdır. Səhiyyə Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində icbari sığortanın tətbiqi 2020-ci il ərzində mərhələli şəkildə uğurla həyata keçiriləcək.”

Səhiyyə naziri Oqtay Şirəliyev ilin yekunları barədə danışıb, səhiyyənin ən prioritet istiqamətlərinə dair təsdiqlənmiş Dövlət Proqramlarının tətbiqi, həmin Proqramların ölkə əhalisinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasında oynadığı rolun əhəmiyyətini vurğulayıb. Oqtay Şirəliyev Prezidenti İlham Əliyevin səhiyyə və tibb sahəsinə böyük diqqət və qayğısını vurğuladı: “Ölkənin hər bir bölgəsində müasir tibb müəssisələri şəbəkəsi yaradılıb. Rayon xəstəxanaları müasir avadanlıqlar və cərrahiyyə otaqları ilə təmin olunub ki, burada ən mürəkkəb əməliyyatları icra etmək mümkündür. Dövlət Proqramlar sayəsində ölümlərin sayı azalıb, xəstələrin ömrü uzanıb. Son illərdə səhiyyənin kadr potensialının gücləndirilməsinə böyük diqqət yetirilib. Tibb təhsilində aparılan islahatlar Avropanın qabaqcıl klinikalarında təcrübə keçmək imkanı və digər tədbirlərin nəticəsidir ki, hazırda ən müasir müalicə üsulları tətbiq olunur. Kardiocərrahiyyə əməliyyatları, o cümlədən uşaqların anadangəlmə ürək qüsurları əməliyyatları, orqan transplantasiyaları və s. yerli klinikalarda həkimlər tərəfindən uğurla həyata keçirilir. Yeri gəlmişkən səhiyyəmizin inkişafını həm beynəlxalq qurumlar həm Ümumdünya Səhiyyə Təşkilatı həm də sıravi xarici vətəndaşlar da qeyd edir. Hörmətli həmkarlar 2019-cu il ölkəmizdə islahatlar ili kimi qeyd edilir. Digər sahələrdə olduğu kimi Azərbaycan səhiyyəsində də davamlı inkişaf gedir. Burada İcbari Tibbi Sığortanı xüsusi vurğulamaq lazımdır. Bu sahədə pilot regionlarda layihələr icra edilir. Səhiyyənin maddi-texniki bazası, kadr potensialı, agentliyin pilot regionlarda əldə etdiyi müsbət nəticələr onu deməyə əsas verir ki, yeni maliyyələşmə modeli bütün ölkədə mərhələli şəkildə tətbiqinə hər cür şərait yaradılıb. Əminəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə əməkdaşlıq şəraitində bu istiqamətdə uğurla çalışacaq.”

Kollegiya iclasının yekununda səhiyyə və tibb elmi sahəsində xüsusi xidmətlərinə görə fərqlənmiş bir sıra tibb işçisinə “Səhiyyə əlaçısı” döş nişanı və fəxri diplomlar təqdim edilib.



REKLAM