sehiyye.info

“Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimatı olub

“Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimatı olub
Oktyabrın 26-da “Libraff” kitab mağazasında amerikalı yazıçı Ellen Notbohmun “Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimatı keçirilib.

Sehiyye.info xəbər verir ki, kitab TEAS Press nəşriyyat evi tərəfindən Azərbaycan dilinə tərcümə edilib və insanları autizm barədə maarifləndirmək, eləcə də ətrafımızda olan autizmli uşaqlara qarşı anlayışlı olmağı öyrədir.

Kitabın ixtisas redaktoru, “Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova qeyd edib ki, dünyada milyonlarla nüsxəsi satılan “Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabı autizmli bir uşağın dilindən yazılıb və onun dediklərini qələmə alan ana isə kitabın müəllifidir. Onun dediyinə görə, kitabda uşağın üzləşdiyi sindromdan xilas olmaqda məktəbin, müəllimlər, həkim, psixoloq və ümumən onu əhatə edən mühitin göstərdiyi dəstəkdən, sosial və emosional sahədəki qapalılığın aradan qaldırılmasındakı rolundan bəhs olunur və auitizm sindromundan əziyyət çəkən uşaqlar, onların üzləşdiyi çətinliklər və həmin çətinliklərdən xilas yolları barədə ətraflı məlumat verilir.

Həkim-psixiatr Araz Manuçöhri Lalei, nevroloq Aynur Zeynalova və “Psixologiya”Elmi Tədqiqat Mərkəzinin rəhbəri Elnur Rüstəmov kitabın autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyası sahəsində, eləcə də onların etnopsixoloji problemlərinin aradan qaldırılmasında həkim və psixoloqların, onun doğulduğu ailənin, böyüdüyü cəmiyyətin hər bir üzvünün yanaşma tərzi barədə etibarlı mənbə rolu oynadığını qeyd ediblər.

Mütəxəssislər tədbirdə iştirak edən valideynlərin autizm spektrli uşaqlarla əlaqədar müxtəlif suallarına cavablar veriblər.

Təqdimat mərasiminin yekununda kitabı əldə edən hər kəsə “Autizm şiddətinin ölçülməsi” testi hədiyyə olunub.AZƏRTAC



REKLAM