sehiyye.info

Asan pul qazanmaq həvəsi: Özümüz yoluxmuşduq, indi uşaqlarımız bəlaya tutulub

Asan pul qazanmaq həvəsi: Özümüz yoluxmuşduq, indi uşaqlarımız bəlaya tutulub
"Valideynlər qanunla uşaqlarının üzərində nəzarəti təmin etməlidirlər. Hər bir valideynin vəzifəsidir ki, övladının asudə vaxtını necə keçirdiyinə nəzarət etsin. Qumar oyunları ilə bağlı da uşaqlar üzərində valideyn nəzarəti, məsuliyyəti olmalıdır"

Azərbaycanda uşaqların qumar oyunlarına maraq göstərməsi Milli Məclisdə müzakirə olunub. Milli Məclisin iclasında deputat Qənirə Paşayeva bildirib ki, uşaqlar, yeniyetmələr arasında qumara, qumar oyunlarına çox böyük maraq yaranıb. Söhbət həm qanunla icazə verilən mərc oyunlarından, həm də qanunsuz təşkil edilən qumar oyunlarından gedir. Deputat bunun çox qorxulu tendensiya olduğunu söyləyib.


Sehiyye.info bildirir ki,Sputnik Azərbaycan uşaq və yeniyetmələrin qumar oyunlarına cəlb edilməsinin hansı hüquqi məsuliyyət yaratdığını araşdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin sektorunun müdiri Seymur Məmmədov bildirib ki, qanunda ayrıca olaraq uşaqların qumar oyunlarına cəlb edilməsi barədə müddəa yoxdur: "Bu məsələ qanunda preventiv tədbir kimi göstərilib. Cinayət Məcəlləsində (CM) qumarxana təşkil etmə və ya saxlamaya görə cəza tədbirləri nəzərdə tutulub. Qanunun 244-1.1 bəndində qeyd edilib ki, qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamaya görə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dövlət tərəfindən və ya dövlətin nəzarəti ilə təşkil edilən oyunlarda 18 yaşına çatmamış şəxslərin iştirakı qanunla qadağandır".

S.Məmmədov bildirib ki, lotereyalara və idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir. Amma sektor müdiri bildirib ki, CM-nin 401-ci maddəsində qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsinə qadağa var. Onun sözlərinə görə, lotereyaların buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və ya keçirilməsinə görə üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir: "Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə - üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir".
S.Məmmədov deyir ki, qanun bu məsələdə valideynlərin üzərinə məsuliyyət qoyur: "Valideynlər qanunla uşaqlarının üzərində nəzarəti təmin etməlidirlər. Hər bir valideynin vəzifəsidir ki, övladının asudə vaxtını necə keçirdiyinə nəzarət etsin. Qumar oyunları ilə bağlı da uşaqlar üzərində valideyn nəzarəti, məsuliyyəti olmalıdır".

Millət vəkili Musa Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqların qumar oyunlarına maraq göstərməsi, bu oyunlara aludəçiliyi qorxulu tendensiyadır. Amma deputat bu məsələnin qanunla tənzimlənməsinin mümkünsüz olduğunu deyir: "Onsuz da mərc oyunlarında 18 yaşa çatmamış şəxslərin iştirakına icazə verilmir. Qeyri-qanuni qumar oyunlarında uşaqların iştirakı isə onların nəzarətsiz qalmasından xəbər verir. Uşaqların asudə vaxtına hər bir valideyn mütləq nəzarət etməlidir. Valideyn uşağı başsız buraxırsa, onun zərərli vərdişlərə aludə olması, qumar oynaması gözləniləndir. Biz valideynlərin məsuliyyəti ilə bağlı qanunu sərtləşdirməliyik ki, valideynlər uşaqlarına nəzarət etməyin onların vəzifəsi olduğunu unutmasınlar".




REKLAM