sehiyye.info

Azərbaycanda həkimə ancaq çarəsiz suriyalı qaçqınlar müraciət edirlər

Azərbaycanda həkimə ancaq çarəsiz suriyalı qaçqınlar müraciət edirlər
İcbari tibbi sığorta işə düşməmiş, sadalanan problemlər öz həllini tapmamış tibbi turizmin inkişafından danışmaq yersizdir

Ölkəmizdə səhiyyənin inkişaf etdiyi barədə ağızdolusu danışılsa da, Azərbaycanda dərdinə dava tapmayanların çoxu xaricə axışır. Ancaq eyni məqsədlə xaricdən ölkəmizə üz tutanların sayı, demək olar ki, yox səviyyəsindədir.

Bu günlərdə bu məsələyə toxunan Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Azərbaycanda tibbi turizm birtərəfli inkişaf edir. O qeyd edib ki, tibbi turizmlə məşğul olanlar Azərbaycandan qonşu ölkələrə xəstə aparırlar: "Ona görə Azərbaycana da İrandan, Gürcüstandan, Türkiyədən, Dağıstandan xəstə insanların müalicəyə gəlməsi üçün normal sistem qurulmalıdır. Vətəndaşlarımızı xaricə göndərməklə tibbi turizm sahəsində uğur qazana bilmərik".

Sputnik Azərbaycan ölkəmizdə tibbi turizmin inkişafına mane olan səbəbləri araşdırıb.

Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, ölkəmizdə tibbi turizmin inkişafına mane olan əsas amil icbari tibbi sığortanın tətbiq olunmamasıdır:

"Biz nəzər yetirsək, görərik ki, tibbi turizmin inkişaf etdiyi ölkələrin hər birində icbari tibbi sığorta tətbiq edilir. Bizdə isə bu sistemin işə düşməsi 2020-ci ildən reallaşacaq. Bu, tibbi turizmi inkişafdan saxlayan əsas səbəbdir. Digər səbəb isə Azərbaycan səhiyyəsinin beynəlxalq standartlara uyğun olmamasıdır. Üstəlik, bizdə dərman preparatlarının keyfiyyət parametrləri çox aşağıdır. Bütün bunlar tibbi turizmi inkişafdan saxlayan əsas amillərdir".
A.Qeybulla bildirir ki, bu gün Azərbaycandan xəstə axınının müşahidə olunduğu ölkələr İran, Türkiyə və Gürcüstandır: "Bu siyahıya başçılığı İran İslam Respublikası edir. Buna da səbəb İranda səhiyyə xidmətlərinin keyfiyyətininin yüksək, qiymətinin Azərbaycanla müqayisədə aşağı olmasıdır. Türkiyəyə isə daha keyfiyyətli tibbi xidmət almaq istəyənlər üz tuturlar. Türkiyə artıq Avropa səhiyyəsinin tərkib hissəsidir. Ona görə də Azərbaycanda səhiyyə xidmətinin keyfiyyətindən narazı olanlar hətta evini satmaq bahasına başa gəlsə də, sağlamlıqlarını bərpa etmək üçün Türkiyəyə gedirlər. Hətta bu gün Azərbaycandan xeyli sayda xəstə müalicə üçün Gürcüstanı seçir. Bütün bunlar kifayət qədər narahatedici, problemlərin olduğundan xəbər verən məsələlərdir".

A.Qeybulla deyir ki, bu gün Azərbaycanda tibb müəssisələrində barmaqla sayılacaq qədər əcnəbiyə rast gəlmək mümkündür ki, onlar da İraq və Suriyadan gələn qaçqınlardır.

.
Həmsöhbətimiz deyir ki, Azərbaycanda icbari tibbi sığorta işə düşməmiş, sadalanan problemlər öz həllini tapmamış tibbi turizmin inkişafından danışmaq yersizdir.

Azərbaycan Turizm Assosiasiyasının sədr müavini Müzəffər Ağakərimov isə tibbi turizmin inkişafı üçün Azərbaycan səhiyyəsində ucuz tibbi xidmətlərin xarici ölkələrdə reklamının vacib olduğunu söyləyir. Onun sözlərinə görə, artıq Azərbaycana estetik cərrahi əməliyyatlar üçün hər il xaricdən xeyli sayda pasiyent gəlir: "Rinoplastika Azərbaycanda Türkiyə və digər ölkələrlə müqayisədə ucuzdur. Ona görə də rinoplastika, liposaksiya və digər estetik əməliyyatlar üçün artıq ölkəmizi seçən pasiyentlər var. Tibbi turizm o vaxt inkişaf edir ki, səhiyyə xidmətinin keyfiyyəti yüksək, qiymətləri aşağı olsun. Bizdə də çalışmaq lazımdır ki, səhiyyədə tibbi xidmətin səviyyəsi yüksəlsin. Qiymətlər isə başqa ölkələrlə müqayisədə aşağı olsun".




REKLAM