sehiyye.info

Ölkədə rəsmən paranı bütövdən ayıracaqlar - Psixologiya vs parapsixologiya

Ölkədə rəsmən paranı bütövdən ayıracaqlar - Psixologiya vs parapsixologiya
Televiziyalarda psixoloq kimi təqdim olunan Bayram Nurlunun fikrincə, insan həyatı ilə bağlı bəzi suallar var ki, onların cavabı elmdə yoxdur



"Azərbaycanda bu qanun olmadığı bir vaxtda psixoloji təhsili olmayan biri ayrıca otaq götürüb ekstrasenslik, falçılıq edirdi. Adlarını da psixoloq qoymuşdular. Bu cür yolla insanları aldadırdılar. "Psixoloji yardım haqqında" qanun qəbul olunduqdan sonra bu istiqamətdə qanun qüvvəyə minib və xeyli işlər görülüb".


Qeyd edək ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov danışıb.

O qeyd edib ki, istər məktəblərdə, istərsə də xəstəxanalarda psixoloqların fəaliyyəti nəzərə çarpır. Hətta, özəl müəssisələrdə də psixoloq ştatları yaranmağa başlayıb. Bu qanun layihəsinin qəbul edilməsi ölkəmizdə psixoloji yardımın təkmilləşdirilməsinə, inkişafına, əhaliyə keyfiyyətli psixoloji yardımın göstərilməsinə təkan verəcək.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan psixoloq Ramin Hacıyev bildirib ki, ekstrasenslik psixologiyaya yox, parapsixologiyaya aid bir sahədir: "Özünə, işinə, peşəsinə hörmət edən psixoloq ekstrasenslik edib psixoloq adı ilə fəaliyyət göstərməməlidir. Bu insanlarda psixologiya elmi haqqında yanlış fikirlər formalaşdıra bilər. Parapsixologiya sözünün psixologiya sözü ilə oxşarlığı ola bilər, amma tam fərqli sahələrdir".


Çox zaman efirlərdə psixoloq kimi təqdim edilən, ekstrasens Bayram Nurlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o özünü psixoloq kimi təqdim etmir: "Məni psixoloq kimi efirlərdə özləri təqdim edirlər. Mən ektrasensəm. Psixoloqlar özləri ektrasenslik etməyə çalışırlar. Ekstrasenslik bir vergidir. Bu eramızdan əvvəl də olub və indidən sonra olacaq da. Bunu heç kim inkar edə bilməz".

B.Nurlu qeyd edib ki, onun yanına gələn şəxslərin "yolu bağlandığı" üçün həmin şəxslər psixoloji problemlər yaşayırlar: "Bu problemlər insanların psixologiyasına zərər vurursa, istər-istəməz onların mütəxəssisə ehtiyacı olur. Bilirsiniz, insan həyatı ilə bağlı bəzi suallar var ki, onların cavabı elmdə yoxdur".


"Psixoloqlar ekstrasenslik etmək istəyirlər. Amma ekstrasenslər elə bir növ psixoloqdurlar. Əgər mən insanlarla söhbət edib onları sakitləşdirə bilirəmsə, deməli bu işi bacarıram", - deyə Nurlu bildirib.

Xatırladaq ki, "Psixoloji Yardım haqqında" qanun ötən il qəbul edilib. Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar. Bu Qanunla klinik (tibbi) psixoloq kimi fəaliyyət göstərmək üçün müəyyən edilmiş tələblər bu qanun qüvvəyə minənədək psixoloq kimi fəaliyyət göstərən şəxslərə şamil edilmir.Sputnik




REKLAM