sehiyye.info

Tibbi xidmətin – HƏKİMİN VƏ KLİNİKANIN - MƏSULİYYƏTİ

Tibbi xidmətin – HƏKİMİN VƏ KLİNİKANIN - MƏSULİYYƏTİ
Sehiyye.info FED.aza istinadən tibbi xidmətin hüquqi məqamlarına aid məqaləni təqdim edir.

Eləcə də bax: "İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə xidmətləri də genişlənəcək"

Bu məqalədə həkimlərin və tibb müəssisələrinin (klinikaların) tibb fəaliyyətindən irəli gələn məsuliyyətlərinə dair bir sıra hüquqi məqamları qeyd edirik. Nəticə etibarı ilə göstərməyə çalışırıq ki, (1) həkim, klinika və xəstələr arasında müqavilənin bağlanması zəruridir və (2) tibbi fəaliyyət riskli fəaliyyətdir, ancaq həkimlər və (və ya) klinikalar bütün mənfi fəsadlar deyil, ehtiyyatsızlıqdan əmələ gələn fəsadlar üçün cavabdeh ola bilərlər.

Tibbi praktikadan irəli gələn məsuliyyət

Tibbi praktika nəticəsində yaranan xətalara görə həkim və klinikalar mülki, inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Ümumi şəkildə deyək ki, cinayət məsuliyyəti ehtiyatsızlıqdan adam öldürmə, ehtiyatsızlıqdan sağlamlığa zərər vurma, xəstəyə kömək göstərməmə və həmçinin hadisənin təfərrüatlarından asılı olaraq digər maddələr əsasında yarana bilər. Burada biz əsasən mülki məsuliyyətin əsaslarından danışacağıq, ancaq qeyd olunan prinsiplər cinayət məsuliyyətinin müəyyən olunmasına da şamil oluna bilər.
Tibbi xidmətin – HƏKİMİN VƏ KLİNİKANIN - MƏSULİYYƏTİ
Zərərin əvəzinin ödənilməsi öhdəliyi

Mülki Məcəlləyə əsasən əgər bir şəxs digərinə “hüquqa zidd” və təqsirli hərəkətləri nəticəsində zərər vurursa, zərər vuran bunun əvəzini ödəməlidir. Burada bir sıra amillər vardır. Ümumi şəkildə desək, zərər müqavilə əsasında və müqavilədən kənar əsaslarla yaran bilər. Misal üçün, həkim və ya klinika xəstə ilə tibb xidmətlərinin göstərilməsi barədə müqavilə bağlayır və dünya praktikasında bir qayda olaraq bu cür müqavilələrdə həkimin və (və ya) klinikanın hər hansı fəsadlar üçün məsuliyyət daşımadıqları göstərilir. Ancaq qanuna əsasən şəxs qəsdən və “kobud ehtiyyatsızlıqdan” törətdiyi əməl üçün məsuliyyətdən imtina edə bilməz.

“Kobud ehtiyatsızlıq”

Çox nadir hallarda həkim (və ya klinika) qəsdən hər hansısa zərər vurur. Daha çox ehtiyatsızlıq və ya “kobud ehtiyatsızlıq” halları nəticəsində zərərin vurulmasına rast gəlirik. İnkişaf etmiş ölkələrin təcrübəsində də bu belədir. Həkim səhvi olan hallarda Azərbaycanda məhkəmələr adətən ümumi şəkildə “delikt” anlayışına istinad edirlər. Çox zaman da səhvin olub-olmaması ekspertiza əsasında müəyyənləşdirilir. Misal olaraq, Sumqayıt Apellyasiya Məhkəməsi 01 noyabr 2017-ci il qərarında tarixli qərarında iddiaçının həkim səhvi nəticəsində yaranmış maddi zərərin əvəzinin ödənilməsi tələbini təmin etməyərək, keçirilmiş ekspertizanın həkim səhvi olmaması ilə bağlı rəyini əsas götürmüşdür.

Burada mühüm hüquqi məsələ vardır, xüsusən, “həkim səhv edib” dedikdə nə başa düşülür? Bunu açıqlayacaq məhkəmə qərarına biz rast gəlməmişik. Müqavilənin pozulması səhv hesab etmək olar, ancaq müqavilədə bu qədər detallar əks olunmur.

Bir izah həkim tərəfindən klinik protokollara uyğun olmayan tərzdə hərəkət etmə ola bilər. Azərbaycanda Səhiyyə Nazirliyinin 24.11.2008-ci il tarixli 160 saylı əmri ilə klinik protokolların tərtib edilməsi qaydası təsdiq olunmuşdur. Ara-sıra Səhiyyə Nazirliyi klinik protokollar təsdiq edir. Sumqayıt Apellyasiya Məhkəməsinin digər bir qərarında məhkəmə ekspert rəyi ilə razılaşmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının əmri ilə təsdiq edilmiş klinik protokolları ekspert rəyindən daha üstün sənəd hesab etmişdir

Ancaq nəzərə almaq lazımdır ki, bu protokollar sadəcə tövsiyyə xarakter daşıyır və daha çox sübut əsasında aparılan səhiyyənin nəticələrini özündə əks etdirir. Bunlar məcburi qaydalar deyillər. Yəni ola bilər ki, həkim hər hansısa protokoldan kənara çıxsın və bunu etmək üçün səbəbi olsun. Bu zaman həkim səhlənkar və ya ehtiyatsız hərəkət etmiş sayılmaya bilər.
Tibbi xidmətin – HƏKİMİN VƏ KLİNİKANIN - MƏSULİYYƏTİ
Delikt və/və ya Müqavilə

Bu daha çox hüquqi-texniki məsələdir. Ancaq qısa olaraq deyək ki, Azərbaycan hüququnda delikt institutunun müqavilə hüququ ilə qarşılıqlı əlaqəsinin nədən ibarət olması tam olaraq məlum deyildir. Misal üçün, əgər xəstə ilə klinika arasında cərrahi əməliyyat barədə müqavilə varsa və bu müqaviləyə əsasən ehtiyatsızlıq üzündən məsuliyyət istisna olunursa, bu zaman delikt müddəaları tətbiq edilə bilərmi? Bu suala birmənalı cavab yoxdur.

Azərbaycanda həkim fəaliyyətini tənzimləyən əsas qanunlardan biri “Əhalinin sağlamlığının qorunması haqqında” Qanundur. Onun 57.1-ci maddəsinə əsasən vətəndaşlara dəyən zərər “qanunvericiliyə əsasən” ödənilməlidir. Digər bir qanunda – Özəl tibbi fəaliyyət haqqında Qanunda – tibbi xidmətlər üçün müqavilənin bağlanması nəzərdə tutulur. Yəni tibb xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr qanunla tanınırlar.

Mülki Məcəllənin 60-cı fəsli həyat və sağlamlığa vurulan zərər barəsindədir, ancaq bu hissə daha çox zərərin məbləğinin hesablanması məsələlərini tənzimləyir. Əlavə olaraq Məcəllənin 1112-ci maddəsində tibb müəssisəsinin məsuliyyətinin müəyyən edilməsi üçün nəzərdə tutulsa da burada yalnız “ümumi əsaslarla” meyarı qeyd olunmuşdur. “Ümumi əsas”ın nə olması müəyyən deyildir. Məcəllənin 61-ci fəslində “işin və ya xidmətin” nəticəsində əmələ gələn zərər tənzimlənsə də, bu maddələr tamamən başqa növ işlərə şamil olunur.
Tibbi xidmətin – HƏKİMİN VƏ KLİNİKANIN - MƏSULİYYƏTİ
Ehtiyyatsızlığın əlamətləri

Çox hallarda “həkim səhv edib” həkim ehtiyatsız olubdur deməkdir. Ona görə “ehtiyatsızlıq” dedikdə nə başa düşürük sualı meydana gəlir. Sadəcə klinik protokollara riayət etməmə səhv sayıla bilməz (yuxarıda bu barədə danışdıq). Ehtiyatsızlıq üçün əlavə amillər tələb olunur. Mülki qanunvericilikdə ümumən təqsirin (mülki məsuliyyət məqsədləri üçün) tərifi verilməmişdir. Nəticədə hansı şəxsin hansı hallarda “ehtiyyatsızlıqdan zərərə” görə məsuliyyət daşımalı olduğu tam da aydın deyildir. Hər bir halda hər hansı bir şəxsi ehtiyyatsızlıqda günahlandırmaq üçün ən azından hesab edirik ki, aşağıdakı əlamətlər olmalıdır:

şəxsə deyə bilməlidirlər ki, o əməlinin mənfi nəticəsini görə bilərdi (obyektiv olaraq), görməli idi (yəni müəyyən səy göstərməli idi) və ya görürdü, ancaq əhəmiyyət vermirdi, və

əməlin nəticəsində müəyyən zərər olmalıdır, və

zərərlə ehtiyatsız əməl arasında səbəb-nəticə əlaqəsi olmalıdır.

“Ehtiyyatsızlığın” bu meyarlar bir çox hüquq sistemlərində istifadə olunur. Misal üçün, Azərbaycanın cinayət qanunvericiliyində də bu cür meyarlar istifadə olunurlar. Bir çox dövlətlərdə həmçinin əlavə bir meyar – “öhdəlik” və ya “ehtiyatlı olmaq” öhdəliyi meyarı olur. Hər bir halda xəstəyə xidmət göstərən həkimin ehtiyatlı olmaq öhdəliyinin olması çətin ki, hər hansısa bir ciddi şübhə doğursun.

Klinikanın məsuliyyəti

Bir qayda olaraq klinika onda işləyən həkimlərin əməlləri üçün məsuliyyət daşıyır. Yəni əgər klinikada çalışan həkim hər hansı səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə, klinika bunu üçün məsuliyyət daşıyır. Klinika, öz növbəsində, həkimdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər (hüquq dilində bu “reqres hüququ” adlanır).

Təcrübədə klinikalar bu cür məsuliyyətdən azad olmaq üçün fərqli addımlar atmışlar. Məsələn, Ali Məhkəmə 15 dekabr 2015-ci tarixli qərarına əsasən klinika cərrahiyə üçün otağının həkimə sadəcə icarəyə verilməsi mövqeyini bildirmişdir. Cərrahi əməliyyat zamanı xəstə vəfat etmişdir və klinika iddia edirdi ki, həkim müstəqil şəxs olmuş və klinika sadəcə otağı həkimə icarəyə vermişdir. Ali Məhkəmə bu arqumenti qəbul etməmiş və tibb müəssisəsinin məsuliyyət daşıdığı barədə qərar qəbul etmişdir.

Bu cür qərarlar maraq doğurur, çünki bir sıra hallarda həkimlər müstəqil tibbi praktika ilə məşğul ola bilər və xəstəxananın yalnız texniki imkanlarından istifadə edə bilərlər. Bu cür praktika bir sıra ölkələrdə vardır (misal üçün, Türkiyədə). Bu qərara baxmayaraq, klinikalar həkimlər və xəstələrlə müvafiq formada müqaviləyə bağlasalar və faktiki olaraq klinika sadəcə texniki imkanlar yaradan müəssisə kimi çıxış edərsə, bu faktorlar klinikanın məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinə təsir göstərməlidir.

Müqavilə məsələləri

Yuxarıda qeyd olunanlar onu göstərir ki, həkimlə və (və ya klinika) ilə xəstə arasında müqavilənin olmasına baxmayaraq həkim ən azından kobud ehtiyyatsızlığına görə məsuliyyətə cəlb oluna bilər. Bununla belə müqavilənin olması çox mühüm əhəmiyyət kəsb edir. Həkimin/klinikanın məsuliyyəti bir çox hallardan irəli gələ bilər. Misal üçün, Ali Məhkəmə 25 sentyabr 2018-ci il tarixli qərarında, əməliyyat sonrasında xəstənin səhhətində yaranmış problemlərin həkim səhvindən olmamasını qeyd etməsinə baxmayaraq, xəstəyə əməliyyatın həcmi, onun mümkün fəsadları və nəticəsi barədə tam məlumat verildiyini müəssisə tərəfindən sənədlərlə sübut edilə bilmədiyindən, vurulmuş maddi və mənəvi zərər üçün əvəz ödənilməsi qərara almışdır.



REKLAM