sehiyye.info

Psixoloq, psixiatr, yoxsa nevropatoloq? - ARAŞDIRMA

Psixoloq, psixiatr, yoxsa nevropatoloq? - ARAŞDIRMA
İnsanları 3 qrupa bölmək olar - həkimlərlə daimi ünsiyyətdə olanlar, həkimə ancaq xəstələnəndə gedənlər və ümumiyyətlə, həkimə müraciət etməyənlər.
Bəzən insanlar tam olaraq nədən əziyyət çəkdiklərini aydınlaşdıra bilmədikləri üçün hansı həkimə müraciət edəcəklərini də bilmirlər. Bu isə daha çox nevroloji faktorlarda özünü göstərir. Bu xəstəlikdən əziyyət çəkənlər problemlə üzləşdikdə, hansı hallarda nevropatoloqa, hansı hallarda psixiatra, hansı hallarda isə psixoloqa müraciət etmək lazım olduğunu bilmirlər.
Həkim nevropatoloq Zərifə Hacıbəyli deyir ki, xaricdə nevroz xəstələrini həm nevroloqlar, həm də psixiatrlar müalicə edir. Onun sözlərinə görə, nevropatoloqlara daha çox baş ağrılarından, gicəllənmələrdən, boyun, bel və osteoxondrozlardan, nevrozlardan əziyyət çəkən insanlar müraciət edir. Nevropatoloqa həm də ruh pozğunluğu, sayrışan hallar, yüngül depressiyalar və təşviş anları zamanı da müraciət etmək olar. Əgər xəstədə bu hallar kəskinləşibsə, onlar müalicə etmir və psixiatra göndərirlər: "Bir də var xəstədə ruh pozğunluğu olur. Artıq görürük ki, psixikasında pozğunluq, gözünə görünmələr var və yaxud qulağında hansısa səslər eşidir. Təbii ki, bu zaman birtərəfli şəkildə ancaq psixiatr baxmalıdır. Bunu nə nevroloq, nə psixoloq müalicə edə bilməz. Psixoloqa xəstəni nə vaxt göndəririk? Nevrozun və yaxud başqa sayrışan halları və fərqli bir xəstəlikləri müalicə etdikdən sonra. Əgər psixoloji yardıma ehtiyacı varsa, onda bir neçə seans da psixoloqa göndəririk. Təəssüflər olsun ki, psixoloqlar daha çox indi dərmanla müalicə edirlər. Buna görə çox vaxt nəticə əldə edə bilmirik".
Həkim qeyd edib ki, ilkin mərhələdə heç kim həkimə müraciət etmir, bu isə xəstəliyin daha da kəskinləşməsinə gətirib çıxarır. O tövsiyə edib ki, insanlar xəstəliyi hiss etdikləri halda, həkimə müraciət etsinlər.
Psixoloq, psixiatr, yoxsa nevropatoloq? - ARAŞDIRMA
Psixoloq Təhminə Çələbi isə deyir ki, psixoloqların hansısa bir dərman müalicəsi yazmağa ixtiyarı yoxdur. Bunu ancaq nevropatoloq və psixiatr edə bilər: "Ümumiyyətlə, insanın psixoloji problemləri olduqda, yəni ailədə müəyyən münaqişələr olduqda, yeniyetmələrlə bağlı, uşaqların tərbiyəsi, uşaqların məktəbə hazırlanması, yəni adaptasiyası, evliliklə bağlı müəyyən problemlər olduqda psixoloq-psixoterapevtə və yaxud psixoloq-konsultanta müraciət etmək lazımdır. Əgər orda müəyyən dərman preparatlarına ehtiyac olsa, bu zaman psixoloq özü psixiatra, həkimə bir göndəriş verir. Elə xəstəliklər var ki, orda paralel olaraq müalicə aparmaq lazımdır. Burda sayrışan halların nevrozu, müəyyən fobiyalar və s. nevroz xəstəliklər var ki, onlar həm psixoloqdan, həm də psixiatrdan müəyyən müalicələr almalıdırlar".
Təhminə Çələbi əlavə edib ki, bəzən insanlar psixoloqa, psixiatra getməkdən qorxur və nəticədə çox ağır dərmanlar qəbul edir ki, bu da sonradan fəsadlara yol açır: "Bəzən burda sözün kökü insanları qorxudur. "Mən dəli deyiləm, həkimə getmirəm" deyirlər. Amma əvəzində çox ağır dərmanlar qəbul edirlər. Hansı ki, orda sadəcə psixoanaliz lazımdır. Seanslar vasitəsilə insanın yaşanmamış emosiyalarının təhlili. Yəni emosiyaların təhlili zamanı insan istədiyi rahatlığa bəzən qovuşa və daxili rahatlığını tapa bilir. Dərman burda səbəbi götürmür. Yalnız nəticəni götürür. Amma elə hallar var ki, orda insanda resurs yoxdur, bunun öhdəsindən gələ bilmir və bu zaman dərman preparatlarına, anti-depressantlara və sairə ehtiyac duyulur. Bu səbəbdən insanlar sırf bunu bir-birindən ayırmalıdırlar. Bəzən nevropatoloq ən böyük psixoloji problemləri həll etməyə çalışır və yaxud psixiatr dərmanlar vasitəsilə müalicə yazır. Bu da istənilən nəticəni gətirmir. Yəni insan sağalır, düzəlir, amma müəyyən vaxtdan sonra yenə qayıdır. Amma terapiya, seanslar vasitəsilə psixoterapevt bunun öhdəsindən tam gələ bilir. Çünki burda emosiyalar yaşanır, təhlil olunur, xırdalanır və insan rahatlığına qovuşur".

Nevropatoloq - həkimdir və nevrologiya üzrə uzmanlıq keçir. Həkim-nevropatoloq mərkəzi sinir sisteminin xəstəlikləri ilə məşğul olur. Mərkəzi sinir sistemi baş və onurğa beyindir. Əgər insanda hansısa psixi dəyişiklik varsa, o demək deyil ki, mərkəzi sinir sistemində pozuntu var. İflic, insult, onurğa, baş beyin, onurğa beyində travmalar - bu xəstəliklərlə məşğul olur nevropatoloqlar.
Psixoloq - həkim deyil, o da ali təhsili bitirib, psixoloq olmalıdır. Ola bilər pedaqoq olsun, sosioloq olsun, əlavə təhsil keçib psixoloq ola bilər. Bunun üçün həkim olmaq lazım deyil".Lent.az



REKLAM