sehiyye.info

İspaniyada stomatoloji xidmətdən pulsuz istifadə imkanları genişləndiriləcək

İspaniyada stomatoloji xidmətdən pulsuz istifadə imkanları genişləndiriləcək
İspaniya Avropa İttifaqının pulsuz stomatoloji xidmət göstərilməyən az sayda ölkələrindən biridir. İspaniya Sosialist Fəhlə Partiyası (PSOE) və digər partiyalar əhalinin stomatoloji xidmətdən istifadə imkanlarını genişləndirməyi vəd edirlər. Onlar dövlət xərclərinin 10 faizini (7 000 milyon avro) səhiyyəyə yönəltmək niyyətindədirlər.

Sehiyye.info xəbər verir ki, İspaniyada böyüklər üçün stomatologiya dişlərin çəkilməsi və ya travmalar istisna olmaqla, ictimai səhiyyə xidmətləri portfelinə daxil deyil. Əhalinin stomatoloji xidmətdən pulsuz istifadə imkanı ölkənin siyasi gündəminə son seçkilər zamanı gətirilib və baza xidmətlər göstərilən pulsuz stomatologiya təklif olunub.

Milli Statistika İnstitutunun (INE) məlumatına görə, 2015-ci ildə, demək olar, hər bir ispan ailəsi stomatoloji xidmətlərə orta hesabla 435 avro xərcləyib ki, bu da eynək, ortopediya və ya qulaq aparatlarının puluna analoji olan məbləğdir. Stomatoloqlar Şurasının məlumatına görə, ölkə əhalisinin hər beş nəfərindən biri (21 faiz) iqtisadi səbəblərə görə stomatoloqun yanına gedə bilmir.

Aİ ölkələrinin çoxunda bu xərclərin ən azı bir qismi ödənilir. Avropa Komissiyasının məlumatına görə, stomatoloji xərclərin 68 faizini öz üzərinə götürən Almaniya bu sahədə digər ölkələrdən irəlidədir. Onun ardınca Xorvatiya (61 faiz), Slovakiya (56 faiz) və Sloveniya (51 faiz) gəlirlər.

Bu yaxınlarda “The Lancet” jurnalının xüsusi buraxılışı dünyada ağız boşluğu xəstəliklərinin geniş yayılması (3,5 milyard insan bəzi ağız boşluğu xəstəliklərindən əziyyət çəkir) barədə xəbərdarlıq edib və təkidlə əhalinin məlumatlılıq səviyyəsinin artırılmasını məsləhət görüb. Dünya əhalisinin yarısı həyatı boyu stomatoloqun üzünü görməyib və əgər hökumətlər əhalini normal stomatoloji xidmətlə təmin etməsələr, heç vaxt da görməyəcək.

Beynəlxalq Stomatoloqlar Federasiyalarının hesablamalarına görə, İspaniya kimi varlı ölkələrdə ağız boşluğu xəstəlikləri ən bahalı xəstəliklərdir. Bu da qabaqcıl texnologiyalardan istifadə ilə bağlıdır.



REKLAM