sehiyye.info

Özünəinam hissinin zəifliyi sosial fobiyanın əmələ gəlməsinin əsas səbəblərindən sayılır

Özünəinam hissinin zəifliyi sosial fobiyanın əmələ gəlməsinin əsas səbəblərindən sayılır
Sosial fobiyanın təməli uşaqlıqdan qoyulur. Onun yaranması həm bioloji, həm fizioloji, həm də psixoloji səbəblərlə əlaqədar ola bilər. Qanda sevgi, xoşbəxtlik, qorxu və həyəcan hissini tənzimləyən serotonin hormonunun miqdarının aşağı düşməsi sosial fobiya yaradır.

Sehiyye.info xəbər verir ki.Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Nurəngiz Rzayeva bu barədə məlumat verərək deyib: “Utancaq uşaqlarda özünəinam hissinin azlığı da sosial fobiyanın əmələ gəlməsinə səbəb olur. Özünəinamın gücləndirilməsi üçün uşaqlarda məsuliyyət hissinin artırılması lazımdır. Çox vaxt ailələrdə 6 yaşınadək uşaqlar mağazaya sərbəst getmirlər, daha çox internet əlaqələrindən və sosial şəbəkələrdən istifadə edirlər. Belə həyat tərzi isə onlarda daha çox özünəqapanmaya səbəb olur. Məsələn, evdə bəzi xırda işlərin görülməsi zamanı onları valideynə kömək etməyi, boşqabı yerinə qoymağı, əşyanın tozunu silməyi, geyindiyi paltarları qatlamağı və s. kimi işləri görmək tapşırığı verəndə, onlarda özünəinam hissi formalaşır. Belə uşaqlarda sosial şəbəkələrdəki oyunlara meyillilik özünü göstərir. Həmin oyunlarda uşağın əldə etdiyi özünəinam hissinin valideynlər tərəfindən gəlməsi onlarda özünə inam hissini daha da gücləndirir”.

Psixoloqun dediyinə görə, cəmiyyətdə sosial utancaqlıq adlandırılan sosial fobiyalar özünəinam hissinin çatmaması nəticəsində baş verir, lakin utancaqlıq və çəkincəkliyi bütün hallarda fobiya hesab etmək olmaz: “Həyəcan və qorxu hissinin idarə edilməsinin itirilməsi fobiya sayılır, lakin onun idarə edilməsi fobiya sayılmır. Fobiya zamanı ürək döyüntüsü artır, qorxu hissi çoxalır, ürəkbulanma, təngənəfəslik və tərləmə baş verir. Fobiya güclü olduqda psixoloqa və psixiatra müraciət etmək olar. Lakin onların müalicə və məsləhətləri ilə yanaşı, yoqa və nəfəs məşğələləri ilə məşğul olmaq da yaxşı nəticə verir. Nəfəs problemi ilə bağlı olduğuna görə təmiz havada çox olmaq da faydalıdır”.(Azərtac)



REKLAM