sehiyye.info

Sosial şəbəkə düşkünlüyü: qızlar əcnəbilərə qoşulub qaçır, insan alveri, kiberbullinq

Sosial şəbəkə düşkünlüyü: qızlar əcnəbilərə qoşulub qaçır, insan alveri, kiberbullinq
Sosial şəbəkələr cinayətkarlığın artmasına ciddi təsir göstərir.

Sehiyye.info xəbər verir ki,bunu Oxu.Az-a tanınmış hüquq müdafiəçisi, "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, internet şəbəkəsində təhdidlərin müəyyən edilməsi sisteminin hazırlanması üzrə tədbirlər görmək və həyəcan təbili çalmaq lazımdır:


"Bundan başqa, kriminal elementlərin qurbanına çevrilməmək üçün əhalini əməl edilməsi vacib olan təhlükəsizlik tədbirləri barədə məlumatlandırmalıyıq".

M.Zeynalova sosial şəbəkələrdən gələn təhlükələrin nə qədər gizli olduğunu ən yaxşı izah edən hadisədən söz açıb.

Mingəçevirdə yaşayan qadın (adı məlum səbəblərdən açıqlanmır) bir ay əvvəl təşkilata müraciət edərək qızının (yeniyetmə) itdiyini deyib. O, qızını ağıllı və sakit təbiətli kimi təsvir edib. Qadın əmin olduğunu bildirib ki, qızını aldadaraq evdən qaçmağa məcbur ediblər.

"Tezliklə öyrəndik ki, qız Türkiyəyə gedib, çünki onu Bakı aeroportunda görüblər. Lakin Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi istismar faktı aşkar edilmədiyinə görə bu işlə məşğul olmayıb. Biz özümüz qızı axtarmağa məcbur olduq. Qadın bir həftədən sonra yenidən mənimlə əlaqə saxlayaraq dedi ki, qızı Türkiyə vətəndaşına ərə gedib. Lakin ana yeni kürəkənin kim olduğunu, hətta onun adını bilmir", - M.Zeynalova qeyd edib.

Onun sözlərinə görə, qız öz əri ilə sosial şəbəkədə tanış olub. Hər şey ananın nəql etdiyi kimi olsaydı, yaxşı olardı. Axı qız Türkiyədə insan alverçilərinin, yaxud digər cinayətkar klanın qurbanına çevrilə bilərdi.

Qız ərini anası ilə niyə tanış etməyib? Nəyə görə Türkiyəyə getməzdən əvvəl mobil telefondakı bütün əlaqələri silib? Deməli, qızı evdən çıxaran şəxs ona məhz belə hərəkət etməyi tapşırıb.

Oxu: Azərbaycanlı qadının övladını əlindən aldılar: Top-tüfənglə də olsa, verməyəcəyik - VİDEO
"Ən maraqlısı odur ki, qızın anasının peşəsi psixoloqdur. O əmin edir ki, qızı ilə uzun-uzadı söhbət edib və ona səbəblərlə nəticəni izah edib. Ancaq hətta o da qızının kənar şəxslərlə ünsiyyətinə nəzarət edə bilməyib. Sosial şəbəkə evinizə açılan açıq qapı deməkdir. Kimi desən, istənilən vaxt oradan evinizə daxil ola bilər", - hüquq müdafiəçisi vurğulayıb.

Azərbaycanlı qızların əcnəbi vətəndaşlara ərə getməsindən danışan M.Zeynalova diqqətə çatdırıb ki, bölgədəki qızlar getdikcə daha çox Türkiyə vətəndaşı olan kişilərə üstünlük verirlər.

Yarım il ərzində əcnəbilərlə 500 nikahın bağlanması az rəqəm deyil. Deməli, internetə giriş sayəsində il ərzində təqribən min belə nikah olur. Bu kişilərin niyyətlərinin təmiz olduğuna inanmaq istərdik, lakin çox vaxt xoşbəxtlik əvəzinə bədbəxtlik baş verir.

Sosial şəbəkələrdə kişi ilə tanış olan qızlar özlərinə sual verməlidirlər ki, "onları gələcək ərinin vətənində nə gözləyir". Onlar yaxşı həyat yaşayacaqlarına ümid edirlər, lakin gözləntilər və gerçəklik xeyli fərqlənir.

"Mətbuatın yazdığına görə, əksər hallarda iranlı və türkiyəli kişilər qadınları döyürlər. Türklər qadınları təkcə döymürlər, onları öldürürlər. Bir çox belə hallar məlumdur. Öz həyatını riskə atmağa dəyərmi? Aydındır ki, kənddə darıxdırıcı həyat təngə gətirib, lakin burada sən bərabərhüquqlu vətəndaşsan və asanlıqla öyrəşirsən, orada isə insan qanunsuz əsaslarda yaşayır.

Müşahidələr göstərir ki, taleyini türklərlə bağlamış qadınların əksəriyyəti ərləri ilə rəsmi qeydiyyatdan keçməyiblər. Buna görə də əcnəbiyə ərə getməzdən əvvəl qızlara bütün müsbət və mənfi tərəfləri götür-qoy etməyi məsləhət görürəm, əks halda, onları bəla gözləyir", - M.Zeynalova deyib.

"Təmiz Dünya"nın sədrinin sözlərinə görə, Avropada sosial şəbəkələr vasitəsilə qızları və qadınları tələyə salaraq onlardan öz maraqlarına uyğun muzdlu kimi istifadə edən qrup zərərsizləşdirilib:

"Qruplaşma üzvləri internetdə qızlarla tanış olublar, ehtiraslı pərəstişkar roluna giriblər və psixoloji təsir yolu ilə özlərini əks cinsin nümayəndələrinə sevdiriblər. Bundan sonra qızlardan müxtəlif şeylər istənilirdi, qrup üzvlərinin əlində onlara dair kifayət qədər kompromat olanda isə qızlara qarşı cürbəcür tələblər irəli sürürdülər. Cinayətkar qrupun məqsədi pul qazanmaq olub".

M.Zeynalova qeyd edib ki, Azərbaycan da bu bəladan kənarda qalmayıb. Təhdid və şantaj yolu ilə pul qoparmaq halları artıb. Üstəlik, həm qadınlar, həm də kişilər bu cinayətin qurbanlarına çevrilirlər.

Qeyd edək ki, Suriyada hərbi əməliyyatlar başlayanda İŞİD beynəlxalq terror təşkilatı müxtəlif ölkələrdən, o cümlədən, Azərbaycandan silahlıları cəlb etmək üçün sosial şəbəkələrdən geniş istifadə edib. Təkcə kişiləri deyil, həm də qadınları öz tərəflərinə çəkirdilər. Qadınları cəlb etmək üçün bəhanə olaraq seks-cihad uydurulub. Üsyançı qruplaşmaların "əmir"ləri cəfəng fitva yayaraq bildirirdilər ki, Suriyada 250 mücahidlə yaxınlıq edən qadınlar cihad etmiş sayılır və buna görə də o, cənnətə düşür. Fitva Sumqayıtda xaricilər dini sektası tərəfindən yayılıb.

Oxu: İraqda azərbaycanlı qadınlara edam cəzası verilib - AÇIQLAMA
Aydındır ki, terrorçuların məqsədi kişilərin ehtiyaclarını qarşılamaq olub. Qaynar nöqtələrdə qadın çatışmadığına görə silahlılar bu yola əl atıblar. Azərbaycanda bu tələyə düşən bir çox qadın tapıldı. Ərlərinin arxasınca Suriya və İraqa gedənlər də oldu. Sağ qalanlar hazırda İraq həbsxanalarında cəza çəkirlər. Qadınların bir qismi – silahlılarla əlbir olanlar edam edilib...

Bu arada, "V Kontakte", "Facebook" və "Instagram" sosial şəbəkələri ən çox baş çəkilən internet resursları arasında xüsusi yer tutublar. Beynəlxalq mütəxəssislər hesab edirlər ki, onların bu mövqeyini bir çox hallar müəyyənləşdirir: xeyli sayda insana özünü göstərmək imkanı, ictimai rəyə aktiv təsir etmək imkanı, sosial şəbəkələrin müasir cəmiyyətin həyatında, xəbər axınının formalaşmasında, eləcə də unikal incəsənət əsərlərinin ərsəyə gətirilməsində iştirakı üçün xüsusi şəraitlər.

Kriminologiya baxımından sosial şəbəkələrdə sayı daim artan ictimai təhlükə daşıyan əməllər də törədilir. Onların sırasında ictimai təhlükəli məlumatların yayılması, şəbəkə aqressiyası (kiberbullinq), dələduzluq, fərdi məlumatların oğurlanması, cinayətkarların planlaşdırılan cinayətlərin potensial qurbanları barədə məlumatlar toplaması və digərləri var.

Sosial şəbəkələrdə kriminal qruplar (hakerlər, pornoqrafiyanı yayanlar, fırıldaqçılar) yaradılır.

Ekspertlər hesab edirlər ki, nə daxili tənzimləyicilər, nə də hüquq-mühafizə orqanları belə hallara qarşı səmərəli mübarizə aparmaq iqtidarındadırlar. Yetkinlik yaşına çatmayanların təqribən 80 faizinin sosial şəbəkələrdə qeydiyyatdan keçməsi xüsusi təhlükə doğurur. Azyaşlıların məlumatdan istifadəsinə informasiya təhlükəsizliyi baxımından nəzarət etmək lazımdır.



REKLAM