sehiyye.info

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb bağırsaq əməliyyatı icra olunub

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb bağırsaq əməliyyatı icra olunub
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb bağırsaq əməliyyatı icra olunub. Onikibarmaq bağırsaq atreziyası əməliyyatı klinikanın baş həkimi, uşaq cərrahı Ramiz Poluxovun rəhbərliyi ilə uğurla həyata keçirilib.

Sehiyyeşinfo xəbər verir ki,bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.

Klinikanın mama-ginekoloqu Nigar Axundovanın sözlərinə görə, körpə ananın ikinci hamiləliyindən doğulub və qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib: “Ananın ilk uşağı doğulandan sonra tələf olub. İkinci hamiləlikdə də ana bətnində olan uşağa bağırsaq keçirməzliyi diaqnozu qoyulub. Klinikada aparılan müayinələr nəticəsində diaqnoz təsdiqlənib. Ana bətnində dölyanı suyun çoxluğu və uşağın qarın boşluğunda iki qaz qovurcuğundan başqa, iki havalanma da görünürdü. Buna dabl-babl görüntüsü də deyilir. Bu, sonradan rentgen zamanı da aşkarlandığından diaqnoz tam təsdiqləndi. Ona görə də ana qeysəriyyə əməliyyatı olundu. Körpə də doğulduğu ilk gündə əməliyyata alındı”.

Həkimlər qeyd edir ki, son dövrlərdə yenidoğulmuşlarda bağırsaq keçirməzliyi hallarına daha çox rast gəlinir. Xəstəliyin yaranma səbəbi tam bilinmir. Bu, həm genetik ola, həm də infeksiya nəticəsində yarana bilər. Əgər bağırsaq keçirməzliyi körpənin ilk günlərində aşkarlanmasa və əməliyyat olunmasa, intoksikasiya nəticəsində ölümlə nəticələnə bilər.(AZERTAC)



REKLAM