sehiyye.info

Ağdam rayonunda uşaqlar üçün tibbi aksiya keçirilib

Ağdam rayonunda uşaqlar üçün tibbi aksiya keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Pediatrlar Assosiasiyası, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdıqları Dördyol qəsəbəsində uşaqlar üçün tibbi aksiya keçirilib.

Sehiyye.info bildirir ki,Trend-in məlumatına görə, aksiya zamanı 200-dən çox uşaq pediatr, stomatoloq, nevropatoloq, oftalmoloq və terapevtlər tərəfindən müayinə edilib. Aksiyanın əsas məqsədi uşaqların sağlamlığı ilə bağlı problemlərin erkən aşkarlanaraq müalicə edilməsidir. Müayinədən keçən uşaqlara uyğun müalicə təyin olunur. Ehtiyac olduqda reabilitasiya mərkəzlərinə yazılır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri Yazgül Abdiyeva isə deyib ki, dünyada 19 milyon uşaq göz xəstəliyindən, o cümlədən 1,5 milyon uşaq korluqdan əziyyət çəkir. Görmə zəifliyi inkişafı və təhsilinə əhəmiyyətli dərəcədə təsir edən uşaqların sayı isə 1,5-2 milyon arasındadır: "Odur ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası göz xəstəliklərinin profilaktikası və korluğun qarşısının alınması üçün hər ay paytaxtda, respublikanın şəhər və rayonlarında mütəmadi aksiyalar keçirir. Aksiyada məqsəd pasiyentləri müayinə-müalicə etmək, refraksiya anomaliyalarının aşkarlanmasını müəyyənləşdirmək, onların səhhətləri ilə bağlı problemlərin həllinə kömək göstərməkdən ibarətdir".

Y.Abdiyeva qeyd edib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən rayonlarda əhaliyə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib: "Mərkəzin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu, dövlətimizin başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası və bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar qatarı da fəaliyyətə başlayıb".



REKLAM